Azərbaycan Turizm İnstitutunun (ATİ) nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması barədə məlumat vermişdik. Artıq məktəbə şagird qəbuluna start verilib.
   
   ATİ-nin prorektoru Eldar Aslanovun bildirdiyinə görə, Bakı Turizm Peşə Məktəbində əsasən turizm agenti, aşpaz, barmen, bufetçi, ofisiant, milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib, fərdi kompyuter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi, kimyəvi təmizləmə aparatçısı ixtisasları üzrə kadr hazırlanacaq. Məktəbdə təhsil müddəti 1 ildir, dərslər Azərbaycan və rus dillərində keçiriləcək. Sənədlərin qəbulu yanvarın 12-dən fevralın 12-dək bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək, şənbə günü 10:00-dan 13:00-dək qəbul ediləcək.
   Qəbulun ümumi qaydalarına əsasən, məktəbə Azərbaycan vətəndaşları sənəd verə bilər.
   Prorektor qeyd etdi ki, əsas təhsil bazalı şagirdləri peşə hazırlığı ilə yanaşı, xarici dillərdən (ingilis, rus, alman, fransız, ərəb) hər hansı birinin öyrədilməsi həyata keçirilir. Qəbul zamanı xarici dilləri müəyyən səviyyədə bilənlərə üstünlük verilir. Təhsil müddəti ümumi iş stajına daxil edilir. Məktəbdə dövlət hesabına təhsil alanlara təqaüd verilir. Məktəbə qəbul əsasən test və ya müsabiqə yolu ilə həyata keçirilir. Məktəbə daxil olmaq üçün direktorun adına yazılmış ərizə, təhsil haqqında sənədin əsli və surəti, doğum haqqında şəhadətnamə və yaxud şəxsiyyət vəsiqəsinin əsli və surəti, yaşayış yerindən arayış, 3-4 sm ölçülü 4 ədəd fotoşəkil, tibbi arayış tələb olunur. Ölkəmizin turizm sənayesində çalışmaq istəyən hər bir Azərbaycan vətəndaşı ATİ-nin Bakı Turizm Peşə Məktəbində təhsil almaq şansına malikdir.
   
   Fəxriyyə