Türk dünyasının bəşəriyyətin elm və mədəniyyət xəzinəsinə dəyərli töhfələr verən simalarından biri də Əbu Reyhan əl-Biruni olub. Görkəmli alim tarix, təbiət elmləri, etnoqrafiya, riyaziyyat, astronomiya, mineralogiya ilə bağlı 150-dək tədqiqat əsəri yazıb. Bu əvəzsiz töhfələr sonralar sözügedən elm sahələrinin inkişafına təkan verib.
Əbu Reyhan Muhəmməd ibn Əhməd əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmşahlar dövlətinin paytaxtı Kayat şəhərində sənətkar ailəsində dünyaya göz açıb. Erkən çağlardan elmə maraq göstərib. Araşdırmalarda qeyd edilir ki, o, 22 yaşında astronomik ölçülər aparmağa səy göstərir. Bir müddət sonra yaxın-uzaq ölkələrə səyahətə çıxır, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənir. Türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar toplayır. Pəncaba etdiyi səyahət zamanı isə hind elminə və mədəniyyətinə dair xeyli material toplayır.
Biruni 10 ildən sonra Xarəzmə dönür və hörmətlə qarşılanır. Ona elmi araşdırmalar aparması üçün şərait yaradılır. Araşdırmalarda qeyd edilir ki, o, Xarəzmin tanınmış alimlərindən İbn Sina ilə əlaqə saxlayır. Onunla Aristotel fizikası və bir çox təbiət elmləri ilə bağlı məsələlər haqda müzakirələr aparır. Aristotelin bəzi traktatlarını tənqid edir. İbn Sina isə Aristoteli müdafiə edir.
Əl-Biruni empirik müşahidələr əsasında Hindistana həsr etdiyi əsərində ilk dəfə Yerin Günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu qeyd edir. Beləliklə, o, beş əsr sonra məşhur polyak astronomu Koperniklə başlayan müasir astronomiyanın ilk təməllərini qoyur. Alim Orta Asiyanın topoqrafiyasına dair əsərində Amu-Dərya çayının bir neçə dəfə öz yatağını dəyişdiyini qeyd edib. Dünyanın bir çox yerlərinin, o cümlədən Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, Təbriz, Ərdəbil kimi şəhərlərinin enlik və uzunluq dairələrini göstərib.
Görkəmli alim cisimlərin sıxlığını təyin edən cihaz düzəldir, “Xüsusi çəki” kitabında onun təsvirini verir. Araşdırmalarda qeyd edilir ki, bu xüsusi bir qab içərisinə salınan cismin həcminə uyğun çıxarılan suyun həcmini dəqiq ölçmək üçün nəzərdə tutulub. Həmçinin mayelərdə xüsusi çəkini ölçmək üçün bir cihaz düzəldir. Bu cihazın köməyi ilə suyun soyuq və isti hallarda, şirin və duzlu suların xüsusi çəkilərini təyin edir. Göstərir ki, suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında bir asılılıq mövcuddur.
“Müqayisəli çəki” adlı kitabında isə substansiyanın müqayisəli çəkisinin onun kimyəvi xassələri ilə əlaqəsinə aydınlıq gətirib. “Coğrafi kəşflərin tarixi və səyyahlar” kitabında qeyd edilir ki, Biruni 995-ci ildə Yer kürəsinin modelini hazırlamağa başlayıb. Bu, müxtəlif şəhər, kənd və coğrafi obyektlərin yerini dəqiq təyin etmək üçün diametri təqribən 5 metrə yaxın olan ilk relyefli qlobus olub...
1017-ci ildə Xorasan və Əfqanıstan hakimi Sultan Mahmud Xarəzmi işğal edir. Yüzlərlə alim və sənətkar Əfqanıstana aparılır. Əsirlər arasında Biruni də olur. O, 13 il Qazte şəhərində yaşayır, şəraitin ağır olmasına baxmayaraq elmi işini davam etdirir. Coğrafiya və astronomiyaya aid əsərlər üzərində işləyir. Elə bu ərəfədə Biruninin vəziyyəti ağırlaşır. Həmin vaxt hakimiyyətə Sultan Mahmudun oğlu Məsud keçir. O, Biruniyə və digər alimlərə xeyirxah münasibət bəsləyir. Alimlər də Məsuda astronomiya və sferik triqonometriyaya aid əsərlər həsr edirlər.
Əbu Reyhan əl-Biruni ömrünün son illərində yazdığı daha bir kitabda müxtəlif minerallar, qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş söhbət açır. Ensiklopedik bilik sahibi olan alim 13 dekabr 1048-ci ildə vəfat edib.
Savalan Fərəcov