Layihənin növbəti buraxılışı Çıraqqala haqqındadır
Mədəniyyət Nazirliyinin “Azərbaycan – qədim sivilizasiya məskəni” adlı videolayihəsinin dördüncü buraxılışı təqdim olunub. Növbəti videomaterial Şabran rayonu ərazisində yerləşən V-VI əsrlərə aid Çıraqqala haqqındadır.
Əsrlər boyu təbii fəlakətlərə, dövrün qasırğalarına mətanətlə sinə gərərək əcdadlarımızın tarixini yaşadan Çıraqqala Şabran rayon mərkəzindən təxminən 25 km-də sıldırım qayanın zirvəsində yerləşir. Vaxtilə Sasani hökmdarlarının tapşırığına əsasən istehkam məqsədilə tikilən bu əsrarəngiz memarlıq nümunəsi Gilgilçay səddinin baş qarovulxanası olub.
Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamı olub.
Çıraqqala tarixi abidə kompleksi 2003-cü ildə qoruq elan edilib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə imzaladığı sərəncama əsasən, Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb.
Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formada olub. Həmin bürclərin ancaq üçü salamat qalıb. Ümumilikdə isə qalanın izləri məlum olan 8 bürcündə bərpa-konservasiya işləri həyata keçirilir. Bərpa-konservasiya layihəsində tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədilə ərazidə yerləşən meşənin içindən qalaya qalxacaq piyadalar üçün yol, eləcə də qala divarları boyu yolun salınması da nəzərdə tutulub.