2023-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 100, Azərbaycan kinosunun isə 125 illik yubileyidir. Bu münasibətlə silsilə tədbirlər planı layihəsi hazırlanaraq ölkədəki kino təşkilatlarına təqdim olunub.

“Azərbaycanfilm”də tədbirlər planı layihəsinin müzakirəsi məqsədilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov, Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının direktoru Şahirə Tacəddin və Azərbaycan Prodüserlər Gildiyasının sədri Nəriman Məmmədov iştirak ediblər. Qurumların rəhbərləri təqdim olunan tədbirlər planı ilə bağlı müzakirələr apararaq müvafiq təkliflərini səsləndiriblər.

Görüşdə tədbirlər planını həyata keçirmək üçün təşkilat komitəsinin yaradılması qərara alınıb. Sentyabrın sonuna təyin olunan növbəti toplantıda təşkilat nümayəndələri ilə yanaşı, görkəmli kino xadimlərinin iştirakı da nəzərdə tutulub.

“Azərbaycanfilm – 100” tədbirlər planında əksini tapacaq tədbir və layihələrin müvafiq dövlət və ictimai təşkilatlarla müştərək həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, tədbirlər planına daxil olan layihələr arasında filmlərin bərpa-korreksiyası və təbliğatı, nəşrlər, müsabiqələr, dəyirmi masalar, konfranslar və s. əksini tapıb.

Lalə