Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ildə xarici ölkələrdə keçiriləcək beynəlxalq turizm sərgilərinə hazırlıq başlanıb. Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, ölkəmizin turizm potensialı yanvar ayı ərzində 4 sərgidə nümayiş etdiriləcək.
   
   Bu sərgilərdən birincisi yanvarın 12-15-də Avstriyanın paytaxtı Vyanada gerçəkləşəcək. "Ferien Messe" sərgisində ölkəmizin turizm imkanlarının təbliğ olunması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 24 kvadratmetrlik lövhə icarəyə götürülüb. İştirak edəcəyimiz ikinci sərgi Almaniyanın Ştutqart şəhərində keçiriləcək "CMT" sərgisidir. Yanvarın 14-dən 22-dək davam edəcək tədbirdə də Azərbaycanın turizm potensialı haqqında məlumatlar 24 kvadratmetrlik stenddə nümayiş olunacaq. Daha bir sərgi İspaniyanın paytaxtı Madrid şəhərində 18-22 yanvar tarixlərində gerçəkləşəcək. Burada ölkəmizin turizmi 52 kvadratmetrlik lövhədə nümayiş etdiriləcək.
   Yanvar ayında Azərbaycanın təmsil olunacağı sonuncu sərgi ABŞ-ın Los-Angeles şəhərində keçiriləcək "Times Travel Show" sərgisidir. Bu tədbir 27-29 yanvarda baş tutacaq. Burada ölkəmizin turizm potensialı 18 kvadratmetrlik lövhədə ziyarətçilərə təqdim ediləcək. Onu da bildirək ki, Los-Angeles sərgisində Azərbaycan ilk dəfə rəsmi səviyyədə təmsil olunacaq.
   Sərgilərdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən hotellərin və turizm şirkətlərinin nümayəndələri, Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri də iştirak edəcəklər. Tədbirlərdə ölkəmizin turizm imkanlarını tanıtmaq üçün müxtəlif xarici dillərdə hazırlanmış reklam-çap məhsulları ziyarətçilərə paylanacaq.
   Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2012-ci ildə respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə 18 beynəlxalq sərgidə iştirak edəcək.
   

   Fəxriyyə Abdullayeva