Yanvarın 12-də Avstriyanın paytaxtı Vyanada “Ferien Messe 2012” beynəlxalq turizm sərgisi işə başlayıb. Sərgidə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyi və “Geo Travel”, “Gilan Tourism”, “Improtex Travel” şirkətləri ilə təmsil olunur. Qeyd edək ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ildə iştirak etdiyi ilk beynəlxalq turizm sərgisidir. Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 24 kv.m sahədə Azərbaycan lövhəsi quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün alman, ingilis dillərində 30-a yaxın müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.
Azərbaycan 2007-ci ildən etibarən hər il “Ferien Messe” beynəlxalq turizm sərgisində iştirak edir. Sərgidə 70 ölkədən 800-ə yaxın şirkət təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyi 2012-ci il ərzində Azərbaycan turizminin tanıdılması və ölkəyə turistlərin cəlb olunması məqsədilə 21 beynəlxalq turizm sərgisində iştirak etməyi planlaşdırır.