14-cü festival müxtəlif ölkələrdən musiqiçiləri bir araya gətirəcək

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə imzaladığı müvafiq fərmana uyğun olaraq, ölkəmizdə 18 sentyabr – dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü musiqi bayramı – “Üzeyir musiqi günü” kimi qeyd edilir.

Hər il bu əlamətdar gün münasibətilə respublikamızda silsilə tədbirlər – konsert, konfrans, ustad dərsi, sərgi və s. təşkil olunur. 2009-cu ildən etibarən isə sentyabr ayında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Ənənəvi olaraq 18 sentyabrda başlanan festivalda görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

18-26 sentyabr tarixində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 14-cü dəfə ölkəmizdən və xaricdən ifaçı və kollektivləri, musiqi mütəxəssislərini bir araya gətirəcək. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda bu dəfə 15 ölkədən (ABŞ, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Qazaxıstan, Bolqarıstan, Macarıstan, Rusiya, Yaponiya, Cənubi Koreya, Almaniya və Gürcüstan) musiqiçilərin iştirakı nəzərdə tutulur.

Yeri gəlmişkən qeyd edək ki, sentyabrın 13-ə keçən gecədən başlayaraq  Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı hərbi təxribat zamanı hərbçilərimizin şəhid olması ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən festivalın proqramında bir sıra dəyişikliklər edilib. Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq festivalın proqramında təntənəli tədbirlər təxirə salınıb. Belə ki, Bakı Musiqi Akademiyasının qarşısında ənənəvi təşkil edilən təntənəli açılış mərasimi, Şuşa şəhərində keçiriləcək tədbirlər, Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “O olmasın, bu olsun” tamaşası, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Üzeyir ənənəsinin sönməyən ulduzları” adlı estrada-simfonik orkestrinin konsertləri və Fəvvarələr meydanında Nəfəs alətləri orkestrinin konsertləri təxirə salınıb. 

Festivalın ilk günündə Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Şuşa musiqiçiləri” adlı sərgi keçiriləcək. 19 sentyabrda Bakı Musiqi Akademiyasında Azərbaycan əsilli pianoçu, “Fransa və Rusiyanın ulduzları və gənc istedadları” mədəni mübadilə layihəsinin yaradıcısı və rəhbəri Rəna Şereşevskayanın ustad dərsləri təşkil ediləcək. Sentyabrın 20-də isə eyni məkanda fransız pianoçu Olivye Qardonun ustad dərsi keçiriləcək.

Sentyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar Pikə Axundovanın “Qələbədir adın” monotamaşasının təqdimatı olacaq.

Bu il festivalın əsas proqramı ilə yanaşı, “Üzeyir ənənəsinin sönməyən ulduzları” adı altında yubileyləri olan musiqi xadimlərinə həsr olunan proqram da tərtib edilib. 22 sentyabrda Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Üzeyir ənənəsinin sönməyən ulduzları” proqramı üzrə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə yaradıcılıq görüşü olacaq.

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı maraqlı tədbir və təqdimatları ilə sentyabrın 26-dək davam edəcək.

Lalə Azəri