Sentyabrın 14-də, məşhur müğənni, Əməkdar artist Yaqub Zurufçunun  (1956 – 2021) vəfatının ildönümündə (8.4.1956 – 2021) Nizami Kino Mərkəzində xatirə gecəsi keçirilib.

Mərasimdə mədəniyyət və ictimaiyyət nümayəndələri, sənətkarın yaxınları və ailə üzvləri iştirak ediblər.

Əvvəlcə qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sənətkarın həyat yoldaşı Aynur Zurufçu çıxış edərək bildirib ki, Yaqub Zurufçu bütün varlığı ilə Azərbaycan musiqisinə bağlı bir insan idi: “O, dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini layiqincə təmsil edib. Nə xoş ki, mən Y.Zurufçunun həyatında olmuşam. Nə qədər bu həyatda varamsa Y.Zurufçunun yaradıcılığına sadiq olacağam və onun sevgidən yoğurulmuş oğlu Atillanı vətənimizə layiqli bir övlad kimi böyüdəcəyəm. İnanıram ki, onu sevənlər yalnız bu zalda deyil, bütün azərbaycanlılar Yaqub Zurufçunu sevirlər və dəyərləndirirlər”.

Əməkdar jurnalist Rəhman Orxan bildirib ki, azadlıq, müstəqillik arzusu ilə alışıb yanan Yaqub Zurufçu, uzun illər qəribçilikdə yaşasa da, onun Vətən sevgisi heç vaxt azalmayıb. Elə bu səbəbdən də onun mahnıları gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.

Dünya Azərbaycanlıları Konqresinin mədəniyyət məsələləri üzrə sədr müavini, uzun illər  sənətkarla çalışmış Xəzər Emin deyib: “Yaqub Zurufçu tez-tez cəbhə bölgəsində əsgərlər üçün konsertlər verirdi. Onun sənəti ilə şəxsiyyəti vəhdət təşkil edirdi. Elə şəxsiyyətlər var ki, onlar özlərindən sonra silinməz iz buraxırlar. Yaqub Zurufçu məhz belə insanlardandı...”.

Xalq artisti Azər Zeynalov qeyd edib ki, Yaqub Zurufçunun səsində bir ruh dolaşır və o ruhun yaşamağa haqqı var: “Yaqub yaşamaqdan zövq alan bir insan idi. Onun “Ayrılıq” mahnısı Arazın hər iki sahilində yaşayan doğma, əziz insanları birliyə səsləyib. Yaqub Zurufçu uzun illər Vətəndən ayrı yaşadığı üçün həmin mahnını ürək yanğısı ilə oxuyurdu”.