“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanda turizm xidmətlərinin mərkəzləşdirilmiş bazasının hazırlanması” layihəsi çərçivəsində www.azturizm.az veb saytı hazırlanıb.
   
   Saytın hazırlanmasında əsas məqsəd Azərbaycanda daxili turizmin inkişafına təkan verməkdir. Belə ki, toplanmış turizm məlumat bazası əsasında turizm büdcəsinin planlaşdırılmasında çətinliklərin aradan qaldırılması, turizm sektorunda rəqabət mühitinin formalaşdırılması nəzərdə tutulur. Bunun üçün saytda kataloq xarakterli məlumat bazasından fərqli olaraq Azərbaycan dilində ilk dəfə turizm obyektlərinin təklif etdiyi qiymət və xidmətlərin müqayisəli axtarış sistemi qurulub. Bu axtarış sisteminin köməyi ilə hər bir turist istirahət etmək istədiyi turizm obyektini eyni vaxtda bir neçə göstəriciyə görə (növü, ulduzunun sayı, qiyməti və yerləşdiyi iqtisadi rayon) seçə bilər. Başqa sözlə desək, Azərbaycanda istirahət etmək istəyən hər kəs bu sayta daxil olub öz maliyyə vəziyyətinə uyğun olaraq istədiyi rayonda ən münasib istirahət mərkəzini və ya hoteli asanlıqla tapa bilər.
   Bundan əlavə, saytda məlumatların toplanması və yenilənməsi mexanizmi, həmçinin turizm xidmətlərinin keyfiyyətinin turistlərin rəyləri əsasında qiymətləndirilməsi sistemi də qurulub. Saytda Azərbaycanın tarixi, təbiəti, mədəniyyəti və inzibati rayonları haqqında yığcam məlumatlar, foto və video lentlər, turizm sektorundakı ən yeni xəbərlər də əksini tapıb.   

   Fəxriyyə Abdullayeva