Mədəniyyət tariximizdə iz qoymuş insanlardan söz düşəndə ilk xatırlananlardan biri jurnalist, diplomat, nazir və tərcüməçi Bağır Seyidzadədir. Qeyri-adi əməksevərliyi, dəyərli əməlləri ilə diqqəti cəlb edən mədəniyyət xadimini anadan olmasının 110 illiyi münasibətilə yada saldıq.
Bağır Mirqasım oğlu Seyidzadə 1912-ci ildə Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərində dünyaya göz açıb. 1918-ci ildə şəhərdə erməni millətçilərinin azərbaycanlı əhaliyə qarşı qırğınları başlayandan sonra ailəsi Tiflisə köçür. 1924-cü ildə Bağırın anası Xədicə xanım vəfat edir və ailə bir il sonra Bakıya köçür.
Bağır Seyidzadə H.Z.Tağıyev adına Toxuculuq Fabrikində işə düzəlir, təhsilini isə fəhlə fakültəsində davam etdirir. 1930-cu ildə məzun olub “Kəndli” qəzeti redaksiyasında korrektor kimi işə başlayır. O, işləyə-işləyə sənədlərini Azərbaycan Sənaye İnstitutuna (indiki ADNSU) verir. 1936-cı ildə “Gənc işçi” qəzetinə redaktor təyin olunur. Bir müddət sonra Respublika Komsomolu Mərkəzi Komitəsində ideologiya üzrə katib seçilir. 1941-ci ildə Azərbaycan SSR Ali Sovetinin sədri Əziz Əliyevin başçılıq etdiyi böyük bir qrupla İrana gedir. Qrup üzvlərindən İranda diplomat kimi işləmək üçün kadr seçimində Ə.Əliyev fərdi keyfiyyətləri ilə diqqəti çəkən Bağır Seyidzadənin üzərində dayanır. Beləliklə, o, Moskvaya SSRİ Xarici İşlər Nazirliyinin nəzdindəki Ali Diplomatiya Məktəbinin altıaylıq kursuna göndərilir. Təhsilini fərqlənmə diplomu ilə başa vuran Bağır Seyidzadə 1944-cü ildə SSRİ diplomatı kimi İrana göndərilir.
Bir müddət Maku şəhərində işləyir. Təbrizdə vitse-konsul, daha sonra baş konsul təyin edilir. Təbriz şəhərində konsulluq bağlandıqdan sonra Azərbaycana qayıdır.
Xalq yazıçısı Qılman İlkin xatirələr kitabında yazır: “Biz Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi altında ərəb əlifbası ilə “Vətən yolunda” qəzetini nəşr edirdik. Bağır Seyidzadə isə oraya diplomatik işə göndərilmişdi. Biz tez-tez görüşürdük. Ya biz onun yanına gedir, ya da o özü Təbrizdə bizə baş çəkirdi. Öz işindən maraqla danışırdı. Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasında onun böyük xidməti vardı. Hətta Milli Hökumət onu “21 Azər” medalına da layiq görmüşdü”.
Bir müddət sonra Moskva Bağır Seyidzadəni təcrübəli bir diplomat kimi Türkiyəyə göndərmək fikrinə düşsələr də, respublikanın rəhbəri Mircəfər Bağırov onun Bakıda qalmasını istəyir.
Bağır Seyidzadə 1949-cu ilin fevralında Azərbaycan SSR-in kinematoqrafiya naziri təyin edilir. İlk gündən kinematoqrafiya ilə bağlı problemlərin həlli istiqamətində addımlar atır. Bakı Kinostudiyasında neftçilərdən bəhs edən “Bakının işıqları” bədii filmi, habelə müxtəlif mövzularda “Böyük yol”, “Hədiyyə xalçası”, “Quba bağlarında”, “Tərtərçay vadisində”, “Mingəçevir”, “Sovet Naxçıvanı”, “Gədəbəyin sərvəti”, “Abşeronun ocaqları”, “Səhər nəğməsi”, “Sovet Azərbaycanı”, “Azərbaycanın müalicə ocaqları”, “Elmlə dostluq şəraitində”, “Arazın sahillərində”, “Gözlərinizi qoruyun”, “Xəzər neftçiləri haqqında dastan” və digər sənədli və elmi-kütləvi filmlər çəkilir. “Sovet Azərbaycanı” sənədli filmi 1951-ci ildə Kann Kinofestivalında xüsusi mükafata layiq görülür. “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” sənədli-bədii filmlərinə görə yaradıcı qrupun bir neçə üzvü Lenin mükafatı alır. “Dənizi fəth edənlər” filmi həm də I Moskva kinofestivalında gümüş medalla mükafatlandırılır.
B.Seyidzadə kinematoqrafiya naziri kimi bir çox uğurlara imza atsa da, 1951-ci ilin fevralında tutduğu vəzifədən azad edilir. Sonra Radioinformasiya Komitəsində fars redaksiyasına işə götürülür. 1953-cü ildə Radioinformasiya baş idarəsində müavin vəzifəsinə irəli çəkilir. Çox keçmir ona Poliqrafiya və Nəşriyyat İdarəsi yaratmaq işi tapşırılır. İdarə 1958-ci ildə respublikanın Mədəniyyət Nazirliyinə birləşdirilir və B.Seyidzadə nazir müavini təyin olunur.
Bağır Seyidzadə nazir müavini işləyə-işləyə qələmini tərcümə sahəsində də sınayır. O, “Görkəmli adamların həyatı” silsiləsindən Natalya Muravyovanın “Viktor Hüqo”, Leopold İnfeldin “Evarist Qalua”, İohan Pestalotsinin “Seçilmiş pedaqoji əsərləri” kitablarını Azərbaycan dilinə tərcümə edir. Ancaq onun bu uğurları bəzi müasirlərini narahat edir. Mərkəzi Komitəyə anonim məktublar yazırlar...
Qılman İlkin xatirələrində bu məsələyə də toxunur: “Hamı bilirdi ki, onun bir dəqiqə də olsun boş vaxtı olmur. Yarımçıq işlərini bitirmək üçün işdən sonra da idarədə qalır. Gecələr isə yuxunu israfçılıq sayaraq bədii tərcümə ilə məşğul olur. Ailəsinin korluq çəkməsinə imkan vermir. Bu da həmkarlarında paxıllıq hissi doğurur. Onlar nəyin bahasına olursa-olsun, ona zərbə vurmağa çalışırdılar...”. Nəhayət, B.Seyidzadə tutduğu vəzifədən çıxarılır.
Azərbaycan tərcümə məktəbinin yaradıcıları arasında B.Seyidzadənin adı hörmətlə çəkilir. “Azərinform”un (indiki AZƏRTAC) baş direktoru Yefim Qurviç onu tərcüməçi yox, “pulemyotçu” deyə çağırırmış. Çünki B.Seyidzadə tərcümə zamanı mətni birbaşa, çox sürətlə və yüksək keyfiyyətlə makinaçıya diktə edirmiş.
1963-cü ildə B.Seyidzadə “Azərinform” baş direktorunun müavini vəzifəsinə təyin olunur. Çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilir, respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına və “Qırmızı Əmək Bayrağı” və “Şərəf” ordenləri ilə təltif edilir.
Ölkəmizin ictimai-mədəni həyatında dərin iz qoyan Bağır Seyidzadə 24 mart 1968-ci ildə, yaratmaq həvəsinin aşıb-daşdığı bir vaxtda, 56 yaşında Bakıda vəfat edib.
Savalan Fərəcov