Üç il əvvəl Nur-Sultan adı verilən Qazaxıstan paytaxtının əvvəlki adının (Astana) qaytarılması ilə bağlı proses başlanıb. Bununla bağlı müvafiq müddəa Prezident Kasım-Jomart Tokayevin razılığı ilə konstitusiya dəyişiklikləri haqqında qanun layihəsinə daxil edilib.

Bu barədə Prezidentin mətbuat katibi Ruslan Jeldibay bildirib. O, diqqətə çatdırıb ki, parlamentin bir qrup deputatı Astananın keçmiş adının qaytarılmasını təklif edib. Əhalinin çoxsaylı müraciətlərinə əsaslanan təşəbbüslə bağlı dövlət başçısına məlumat verilib. Deputatların təklifi dövlət başçısının razılığı ilə konstitusiya qanunu layihəsinə daxil edilib.

Mətbuat katibinin sözlərinə görə, Kasım-Jomart Tokayev eyni zamanda hesab edir ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin adını daşıyan digər obyektlərin adları saxlanılmalıdır. “Prezident Qazaxıstanın müasir dövlətçiliyinin möhkəmlənməsində və paytaxtın formalaşmasında Nursultan Nazarbayevin həlledici rolunu tarixi fakt kimi qiymətləndirir”, - deyə o əlavə edib.

Sentyabrın 15-də Qazaxıstan paytaxtının Məslihatı Nur-Sultan şəhərinin yenidən Astana adlandırılmasına səs verib. Şəhər deputatları bu barədə növbədənkənar sessiyada qərar veriblər. Qərarın Qazaxıstan Hökuməti yanında Onomastik komissiyaya təqdim olunacağı vurğulanıb.

Yeri gəlmişkən, düz 27 il əvvəl, 15 sentyabr 1995-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkənin paytaxtının Almatıdan tarixi Akmola şəhərinə köçürülməsi barədə fərman verib. Qədim kurqanların olduğu bu məkanda (Akmola – “ağ məzar”) qala-şəhər XIX əsrdə inşa edilib. Çar və sovet dövründə Akmolinsk adlanan şəhər  bir müddət – 1961-ci ildən 1992-ci ilədək Selinoqrad adını da daşıyıb. 1997-ci ildə Nazarbayevin təşəbbüsü ilə Astana (qazaxca “paytaxt”) adı verilən şəhər Qazaxıstanın yeni paytaxtı olub.

V.Kamal