UNESCO-da “Mədəniyyətlərarası dialoqun yaradılması” mövzusunda tədbir keçirildiyi vaxt qurumun iqamətgahı qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən sərgi xarakterli aksiya başlayıb.

Üç gün davam edəcək aksiya Sərhədsiz Ədalət və Hüquqlar (Justice et Droits Sans Frontières) Assosiasiyası tərəfindən təşkil olunub.

Təşkilatçılar uzun illər Ermənistan ərazisində Azərbaycan xalqına qarşı sistemli şəkildə yürüdülmüş deportasiya, etnik təmizləmə, soyqırımı və Azərbaycan xalqının mədəni irsinə qarşı kultursid (mədəni soyqırımı) siyasəti nəticəsində insan hüquqları sahəsində qəbul edilmiş çoxsaylı beynəlxalq müqavilələrdə əksini tapmış norma və qaydaların pozulmasına, əsas vəzifəsi dünya mədəni irsini qorumaq olan UNESCO-nun Ermənistanda Azərbaycan tarixi və mədəni abidələrinin dağıdılmasına laqeyd qalmasına etiraz ediblər. Sərgidə Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan tarixi və mədəni irsinə qarşı vandalizm siyasəti aparmaqla tarixi və mədəni irsimizi tamamilə məhv etdiyi diqqətə çatdırılır.

Aksiyada Ermənistanda, xüsusilə də İrəvanda dağıdılmış Azərbaycanın tarixi və mədəni irs abidələrinin əvvəlki şəkilləri ilə bərabər, bugünkü vəziyyəti də nümayiş olunur.

Cavid