Beynəlxalq konfransda mədəniyyətimizin dünya yaradıcı sənaye bazarında yeri və inkişaf istiqamətləri müzakirə olunub

 

19-20 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın birinci iş günü mədəniyyət paytaxtımız Şuşada, ikinci günü Bakıda gerçəkləşib.

“Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə gerçəkləşən tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub. Beynəlxalq konfransa Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan və digər ölkələrdən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər qatılıblar.

Sentyabrın 20-də Bakıda beynəlxalq konfransın panel iclasları keçirildi. Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri və digər rəsmilər, müxtəlif ölkələrdən şirkətlərin rəhbər və əməkdaşları, mədəniyyət sahəsi üzrə mütəxəssislər iştirak edirdilər.

Konfransın moderatoru, startaplar üzrə ekspert Tal Katran (İsrail) iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirdi ki, konfransa 15 ölkədən qonaqlar qatılıb. Onlar mədəniyyət paytaxtımız Şuşaya və digər rayonlara səfər ediblər. Şuşada çox önəmli fikir mübadiləsi aparılıb. Bu tədbir də Qarabağa qayıdışımızın, oradakı bərpa işlərimizin bir parçasıdır, bir mərhələsidir. Həm oradakı 30 illik dağıntı və vandalizmi, həm də bugünkü inkişafı əyani şəkildə görmək və təbliğatını aparmaq baxımından bu konfrans mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın tarixinin ən önəmli səhifələrindən birini yaşadığını vurğulayan nazir müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək mühüm vəzifələrin olduğunu diqqətə çatdırdı: “44 günlük Vətən müharibəsindən və Zəfərdən sonra bizim qarşımızda mühüm vəzifələr durur. Bu vəzifə əzəli yurd yerlərimizin dirçəldilməsindən ibarətdir. Biz işğaldan azad olunmuş ərazilərə həm də özlərinə xas mədəniyyəti qaytarmalıyıq və qaytarırıq. Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə keçirilən silsilə tədbirlər də buna misaldır”.

Anar Kərimov bildirdi ki, Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərin inkişaf etdirilməsinə çox böyük önəm verilir: “Nazirliyin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası təsis edilib. Yaradıcı sənayelərin və bu sahənin iqtisadiyyata töhfəsinin artırılmasını diqqətdə saxlayırıq. Mədəniyyət və yaradıcı sənayelər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da inkişaf perspektivləri olan prioritet sahə kimi öz əksini tapıb. Bizim başlıca vəzifəmiz isə həmin yaradıcı fəaliyyəti olan qurumlara müdaxilə etməməkdir. Əksinə, onları vahid qüvvə kimi birləşdirib özəl sektorlarla dövlət qurumları arasında körpü rolunu oynamaqdır. Bu baxımdan dəfələrlə yaradıcı sənaye ilə məşğul olan qurumlarla, sektorun təmsilçiləri ilə görüşlər keçirilir, onların təklifləri dinlənilir”.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev söylədi ki, hazırda dünya iqtisadiyyatında qeyri-müəyyənliklər daha da artıb. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatında yüksək artım davam edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov vurğuladı ki, xalqın mədəni səviyyəsi hər bir ölkənin inkişafına təsir göstərir: “Otuz ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi. İşğal dövründə düşmən mədəni abidələrimiz, məhv edib. Bu gün infrastruktur layihələrlə yanaşı, mədəni abidələrimiz də bərpa olunur. Əsas vəzifəmiz mədəni irsimizi gələcək nəsillərə çatdırmaqdır”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söylədi ki, torpaqlarımızın işğaldan azad edilməsi mədəniyyətin barbarlıq üzərində qələbəsi idi: “Mən düşünürəm ki, bu tədbirin Şuşadan başlayıb Bakıda davam etməsi də buna görədir. Qonaqlarımız işğaldan azad edilmiş torpaqlarımızı ziyarət edərkən düşmənin dağıdıcı, dövlətimizin isə qurucu mədəniyyətini gördü. Təəssüflər olsun ki, bu gün özünü dünyada mədəni ölkə adlandıran bəzi dövlətlər qurucu mədəniyyətin deyil, dağıdıcı mədəniyyətin yanındadır. Mədəniyyət sahəsi Azərbaycan üçün həmişə prioritet olub. Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq. Bu anlayış dövlət üçün, xalq üçün, onun mədəniyyəti üçün fərqli-fərqli imkanlar açır”.

 

Yaradıcı sənayenin inkişafı üçün sistemli yanaşma lazımdır

 

Daha sonra konfrans panellərlə işini dam etdirdi. Dövlət mexanizmlərinin və təşviqlərinin yaradılması üzrə birinci panel müzakirəsində çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova dedi ki, bu gün mədəni turizm dünyada çox populyardır. Mədəni turizm iqtisadiyyatın aparıcı istiqamətlərindən biridir. Mədəniyyətin təbliğ olunmasında turizmin böyük rolu var.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirdi ki, Mədəniyyət Nazirliyinin məqsədlərindən biri mədəniyyətə yanaşmanı dəqiqləşdirməkdir: “Bizim baxışımız sovet baxışından fərqlənir. O zaman mədəniyyət bu sahə ilə məşğul olan müəssisələrin fəaliyyəti ilə məhdudlaşırdı. Ancaq mədəniyyət daha geniş anlayışdır. Bugünkü tədbirin əsas məqsədi bu baxışı açıqlamaqdır. Mədəniyyət bütün sahələri ilə bir zövq formalaşdırır. Mədəni iqtisadiyyatın bir böyük tərəfi də qloballaşmadır. İnternetin üstünlüyü hansısa bir musiqiçinin öz əsərini dünyaya çıxarmaq imkanı verir ki, bu da qloballaşmanın nə demək olduğunu açıq-aydın göstərir”.

Elnur Əliyev vurğuladı ki, ölkəmizdə neft-qaz, kimya sənayesi barədə danışmaq mümkündür, amma yaradıcı sənayemiz yoxdur. “Bu məsələdə biz sistemli yanaşma tətbiq etməliyik. Buna görə də birinci növbədə bu istiqamətdə təbliğat işləri aparılmalıdır”, – deyə E.Əliyev əlavə etdi.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov söylədi ki, mədəniyyət və iqtisadiyyat terminlərinin bir arada səsləndirilməsi onların bağlılığından xəbər verir: “Ölkədə sosial inkişafın formalaşdırılmasında, sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mədəniyyət və yaradıcı sənayenin inkişafına diqqətin ayrılması vacib məsələlərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu sahənin inkişafına da təsir edən amillərdən biridir. İqtisadiyyat Nazirliyi olaraq bu sahənin inkişafı istiqamətində lazımi tədbirlər görəcəyik”.

Mədəniyyətin geniş məfhum olduğunu deyən Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirdi ki, mədəniyyət sahibkarlıqdır, iqtisadiyyatdır, inkişafdır: “Ərazilərimizin düşməndən azad olunması Qarabağda dağıntıları tam şəkildə görməyə imkan verdi. Biz bu dərəcədə böyük dağıntıların öhdəsindən gəlməliyik. Məlum olduğu kimi, ən çox dağıntıya məruz qalan obyektlər tarixi abidə tikililərimizdir. Bununla da düşmən bizim mədəniyyətimizi silmək istəyirdi. Dünyada buna aid nümunələr var. Amma nəzərə alsaq ki, İkinci Dünya müharibəsindən sonra Avropadakı urbisidin aradan qaldırılmasına müəyyən yardım var idi. Amma Azərbaycan bu gün Qarabağdakı dağıntıları, oradakı urbisidi özü bərpa edir, özü aradan qaldırır”.

Daha sonra çıxış edən mədəni iqtisadiyyat üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite yaradıcı ekosistemin əhəmiyyətindən danışdı: “Apardığım tədqiqatlar və oxuduğum məqalələr nəticəsində belə qənaətə gəldim ki, Azərbaycanın böyük mədəni-tarixi mirası var. Bu ölkə də dünyada baş verən yaradıcı proseslərin bir hissəsidir”.

Daha sonra konfrans iştirakçılarının sualları cavablandırıldı.

 

Mədəni iqtisadiyyatın qlobal tendensiyaları

 

İsrailli ekspert Tal Katranın moderatorluğu ilə gerçəkləşən ikinci panel mədəni iqtisadiyyatın qlobal tendensiyalarına və 4-cü sənaye inqilab ilə yaradıcı iqtisadiyyatın kəsişməsi probleminə həsr olunmuşdu.

İlk olaraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov çıxış edərək hazırda dünyada qloballaşma və texnologiyanın sürətlə inkişaf etdiyini bildirdi: “Texnologiyanın yüksək inkişafı sayəsində biz öz məhsulumuzu istədiyimiz vaxt yaradıb onlayn platformaya yerləşdirərək yaxşı qazanc əldə edə bilərik. Agentlik olaraq bu sahədə bizim əsas işimiz yaradıcı insanlara dəstək verməkdir. İnanıram ki, konfransda bu sahə ilə bağlı da müzakirə aparacağıq”.

Ceyhun Salmanov bildirdi ki, yaradıcı insanlara dəstək verən layihələrdən biri də ABAD – “Ailə Biznesinə Asan Dəstək” publik hüquqi şəxsdir. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir: “ABAD mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. Hazırda 550-yə yaxın ABAD-çımız var ki, onlar istehsal etdiyi məhsullardan qazanc əldə edirlər”.

“Re-Fresh Global” (İsrail) şirkətinin həmtəsisçisi Viktoria Kanar söylədi ki, hər birimiz qlobal bir dünyada yaşayırıq və əmin olmalıyıq ki, gələcək nəsillərə sağlam ekosistem buraxacağıq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qeyd etdi ki, universitet tərəfindən 4-cü sənaye inqilabı ilə bağlı tədqiqat mərkəzi yaradılıb: “Təhsildə olduğu kimi, yaradıcı sənayedə istək bəllidir. Hamımız başa düşürük ki, 4-cü sənaye inqilabı bizim seçimimiz deyil. Dördüncü sənaye inqilabı Azərbaycan sənayesinin gələcək inkişafı üçün bir şansdır”.

Panelin sonunda çıxış edən “Zero Gravity Capital” (Slovakiya) şirkətinin əməkdaşı Vit Hanus Azərbaycana ikinci dəfə gəldiyini söylədi: “Burada gördüklərim məni heyran etdi. Ölkənizin çox zəngin və oturuşmuş mədəniyyəti var”.

 

Yaradıcı iqtisadiyyata dəstək, maliyyəyə çıxış

 

Konfransın üçüncü paneli “Yaradıcı iqtisadiyyata dəstək, maliyyəyə çıxış” mövzusuna həsr olunmuşdu. Panel müzakirəsi başlamazdan əvvəl “BeNear” şirkətinin təsisçisi və baş icraçı direktoru Lyudmila Livertovski “Mədəniyyət iqtisadi inkişafın mühərriki kimi” mövzusunda çıxış etdi.

Daha sonra panel müzakirəsinə başlanıldı. İlk olaraq konfransın moderatoru Tal Katran çıxış edərək qonaqları təqdim etdi.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri Rəşad Hüseynov çıxışında dedi ki, təmsil etdiyi qurumda yaradıcı sənaye və digər sahələrlə bağlı araşdırmalar aparılır: “Mərkəz olaraq ölkə başçısının iyul ayında təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Srategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcəyik. Monitorinqin nəticələri ilə bağlı hesabatlar hazırlanacaq. Proqramların monitorinqinə peşəkar yerli və xarici ekspertlər də cəlb olunacaq”.

İnvestisiya məsləhətçisi, şəxsi kapital mütəxəssisi Rahul Yadav bir sıra şirkətlərlə əməkdaşlıqlarının olduğunu söylədi: “Həmin şirkətlərin özləri müxtəlif inkişaf mərhələlərindədir. Biz çalışırıq ki, startaplar üçün sürətlə inkişaf edə biləcək maliyyə vasitələri tapaq”.

Maliyyə və davamlı inkişaf məqsədləri üzrə mütəxəssis Karl Rheinberger Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi üçün kifayət qədər potensialın olduğunu vurğuladı.

Daha sonra Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri Təbriz Əliyev “Azərbaycanın mədəniyyət sektorunun iqtisadi artıma təsirini formalaşdıran amillər”, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyev isə “Qarabağ iqtisadiyyatının mədəni sahələrinin səmərəli formalaşdırılmasında və idarə edilməsində rəqəmsal transformasiya məsələləri” mövzularında təqdimatlarla çıxış etdilər.

 

Sənəti gerçəkliyə aparan mədəniyyətdir

 

Beynəlxalq konfrans “Yaradıcı iqtisadiyyat üçün potensialın inkişafı və təhsilin əhəmiyyəti” mövzusunda sonuncu – dördüncü panellə işini başa vurdu.

Panelin moderatoru, “SmartNation” platformasının rəhbəri Şəbnəm Məmmədova çıxışçıları təqdim etdi.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında dayanıqlı və uğurlu iqtisadiyyat məsələsinə toxunaraq qeyd etdi ki, əslində, bütün ölkələrdə qanunvericiliyi və sərmayələri tənzimləyən sənədlər, demək olar ki, eynidir: “ Bu ölkələri fərqli edən insan amilidir. İnsana gəldikdə isə insanlar fizioloji olaraq eynidir. Onları bir-birindən fərqləndirən isə mədəniyyətdir. Deməli, sənəti gerçəkliyə aparan mədəniyyətdir. Uğurlu olmaq istəyiriksə, mədəniyyətimizi tənzimləməliyik. Bizim əsrlərin süzgəcindən keçmiş mədəniyyətimiz var. Düşünürəm ki, peşəmizdən, fəaliyyət sahəmizdən və biliyimizdən asılı olmayaraq, öz mədəniyyətimizi tanımalı və ona sahib çıxmalıyıq”.

“Experience UK” Məsləhət Şurasının üzvü Emili Smit bildirdi ki, Böyük Britaniya öz sistemini elə qurub ki, onun rəssamları digər sahələrlə eyni imkanlara malik olsunlar. Britaniyada bu sahəyə dövlət tərəfindən investisiyalar ayrılır. Şuşa şəhərinə səfərin onun üçün çox unudulmaz bir xatirə olduğunu söyləyən Emili Smit vurğuladı ki, mədəniyyət iqtisadiyyatı sahəsi üzrə Şuşada müxtəlif işlər görmək üçün böyük potensial mövcuddur.

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov söylədi ki, ölkəmizdə ənənəvi mədəniyyəti iqtisadiyyatın sektoruna çevirmək üçün Qarabağdan başlamaq lazımdır.

Multidisiplinar dizayner Nejla Güvenc Türkiyədə yaradıcı mədəniyyət sahəsi ilə bağlı vəziyyət haqqında fikirlərini bölüşdü. Söylədi ki, mədəniyyət iqtisadiyyatının inkişafı üçün qeyri-hökumət təşkilatları da fəal şəkildə çalışmalıdır.

“Re-Fresh Global” şirkətinin həmtəsisçisi Revital Nadiv dedi ki, ideyaları reallaşdırmaq üçün gənclərə meydan vermək lazımdır: “Səhv etmək azadlığımız yoxdursa, yeni bir ideya yarada bilmərik. Hansısa uğursuzluqdan qorxmaq lazım deyil. Biz gənclərə bu sahədə bir sıra imkanlar aça bilərik. Bunun üçün sınaqlar keçirməliyik. Sözsüz ki, bunları təkbaşına edə bilmərik. Bu sahə üzrə müxtəlif mütəxəssislər lazımdır”.

Revital Nadiv çıxışının sonunda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevə tekstil tullantılardan hazırlanan ətir və yeni parça növü hədiyyə etdi.

Daha sonra konfrans iştirakçılarının sualları cavablandırıldı.

Elnur Əliyev konfransda iştirak edən bütün qonaqlara təşəkkürünü bildirdi.

Sonda xatirə şəkli çəkdirilib.

Nurəddin Məmmədli