Sentyabrın 18-də İranda böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatının 34-cü ildönümü qeyd olunub.

Bu münasibətlə Təbrizdə Şəhriyarın qəbrinin yerləşdiyi Məqbərətüş-şüəra (Şairlər məqbərəsi) güllərlə bəzədilib. Mərasimdə İranın Şərqi Azərbaycan vilayətinin rəsmi şəxsləri, şairlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Şəhriyarın yaradıcılığı, həyat və fəaliyyətindən geniş söz açıblar.

Məhəmmədhüseyn Şəhriyar fars və Azərbaycan dillərində yazdığı şeirləri ilə insanlara vətənpərvərlik duyğuları aşılayıb, milli həmrəylik ideyası təbliğ edib, milli ruhun oyanışında böyük xidmətlər göstərib. O, klassik şeirin bütün formalarına müraciət edib, ölməz sənət inciləri yaradıb.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. O, Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin Tibb fakültəsinə daxil olub. İlk şeir kitabı 1931-ci ildə Tehranda nəşr edilib.

Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifə böyük şöhrət gətirib.

M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poeması olub. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını poetik boyalarla təsvir edib. Sadə formada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Nə qədər ki, Azərbaycan xalqı var olacaq, Şəhriyarın bu poeması nəsildən-nəslə ötürüləcək və yaddaşlarda qalacaq.

Böyük ustad 1988-ci il sentyabrın 18-də, 82 yaşında Təbrizdə vəfat edib. Onun vəfat etdiyi gün İranda “Fars dili və Şəhriyarın anım günü” kimi qeyd olunur.