Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı (18-26 sentyabr) müxtəlif tədbir, təqdimat və ustad dərsləri ilə davam edir.

 

BMA-da gənc pianoçular üçün ustad dərsi

 

Sentyabrın 19-da festival çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında Alfred Korto adına Paris Ali Musiqi Məktəbinin piano müəllimi, professor A.İppolitova-İvanova adına beynəlxalq mükafat laureatı həmvətənimiz Rəna Şereşevskayanın ustad dərsi keçirilib.  

BMA-nın beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ustad dərsinin qonaqlarını və iştirakçıları salamlayıb, Rəna Şereşevskaya ilə doğma vətənində keçirilən görüşdən məmnun olduğunu deyib.

Rəna Şereşevskaya ustad dərsinin təşkilinə görə təşəkkürünü bildirib, özü və sənəti haqqında məlumat verib.

Qeyd edək ki, Rəna Midhət qızı Şereşevskaya 1954-cü ildə Bakıda anadan olub, 1972-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Sonra təhsilini P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında (Lev Vlasenkonun sinfi) davam etdirib.

Ustad dərsində istedadlı gənc  pianoçular – Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Əli Vəliyev və Rəvan Paşazadə, həmçinin BMA-nın tələbələri Rəşid Behbudov və Əli Adıgözəlov Lüdviq van Bethovenin sonataları N.18, 21, Friderik Şopenin Skerzo N.1, Sergey Raxmaninovun N.6, op.39 şəkil-etüd əsərlərini ifa ediblər.

Ustad dərsi zamanı ifalarda bir sıra nüanslara diqqət yetirən Rəna xanım gənclərə tövsiyələrini verib, bilik və təcrübəsini onlarla bölüşüb. Həmçinin əsərlərin yaranma tarixinə, bədii məzmun xüsusiyyətlərinə də diqqət ayıraraq pianoçuların fikrini hər bir səslənmə və melodik dönüşün simvolik mənasına cəlb edib.  O, gənc musiqiçilərin hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb və onların müəllimlərinə təşəkkürünü bildirib.

 

Bəstəkarlar İttifaqında elmi-praktik konfrans

 

Sentyabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda iki böyük bəstəkar, sirdaş və sənət yoldaşı Üzeyir Hacıbəyli (1885-1948) və Müslüm Maqomayevin (1885-1937) yaradıcılığından söz açılıb.

Tədbirdə ABİ-nin katibləri – Əməkdar incəsənət xadimləri Cəlal Abbasov və Zemfira Qafarova çıxış ediblər. Sonra musiqişünasların məruzələri dinlənilib.

Konfransın proqramında “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev: məslək dostları” (professor Həcər Babayeva), “Musiqi türkologiyasının tədqiqində Üzeyir Hacıbəylinin nəzəri konsepsiyasının rolu” (AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə  elmlər doktoru Rəna Məmmədova), “Üzeyir Hacıbəyli irsinin təbliği” (sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı), “Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli mərhələsi” (sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova), “Müslüm Maqomayevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu” (sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova), “Ü.Hacıbəyli və M.Maqomayev: monodiyadan – simfonik musiqiyə” (sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva) və s. məruzələr yer alıb.

***

Sentyabrın 20-də festival çərçivəsində BMA-da fransız pianoçu Olivye Qardonun ustad dərsi, Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin konserti keçirilib.

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı sentyabrın 26-da başa çatacaq.

Lalə
Savalan