“FİTUR” sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub
   
   Yanvarın 18-dən 22-dək İspaniyanın paytaxtı Madriddə “FITUR” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti iştirak edəcək.
   
   Heyətin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov, Daxili turizmin inkişafı sektorunun böyük məsləhətçisi Kəmalə Həsənova, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 6 üzvü daxildir.
   Azərbaycan artıq dördüncü dəfədir ki, “FITUR” beynəlxalq turizm sərgisində təmsil olunur. Budəfəki sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 52 kvadratmetrlik lövhə qurulub.
   Səfər proqramına Azərbaycan nümayəndə heyətinin Dünya Turizm Təşkilatının qərargahına tanışlıq səfəri də daxildir. Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini N.Səmədovun DTT-nin baş katibi Taleb Rifai, təşkilatın icraçı direktoru Zoltan Somoqi, Avropa üzrə regional direktor İzabel Garana, Davamlı turizm proqramının rəhbəri Luiji Kabrini, İpək yolu proqramının rəhbəri Alla Peressolova, İspaniya Krallığının Turizm üzrə dövlət katibi Dona İzabel Borego, turizm və ətraf mühit naziri Frances Kamp Torres, İspan Turizminin Keyfiyyəti İnstitutunun prezidenti Migel Marinoes, habelə Madrid Özünüidarə Universitetinin nümayəndəsi Joze Miguel Rodriguez Anton, «Casa Asia» təşkilatının baş direktoru Juan Jose Herrera, “Parador of Alcala de Henares” şirkətinin müdiri, “IMG Marketing Company”nin nümayəndəsi və digər şəxslərlə görüşləri nəzərdə tutulub.
   Qeyd edək ki, yanvarın 17-də ölkəmizin nümayəndə heyətinin “FITUR” beynəlxalq turizm sərgisinin direktoru xanım Ana Larranaga ilə görüşündə əməkdaşlıq imkanları müzakirə olunub.
   
   Fəxriyyə