Xəbər verdiyimiz kimi, Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalına dəvət olunmuş tanınmış ifaçılar tərəfindən ustad dərsləri də təşkil edilir.

Sentyabrın 20-də festival çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) məşhur fransız pianoçusu və pedaqoq Olivye Qardonun ustad dərsi keçirilib.

Dərsə başlamazdan əvvəl Olivye Qardon Azərbaycana səfərindən və yaradıcı insanlarla tanışlıqdan şad olduğunu bildirib, azərbaycanlı gənc pianoçuların təhsilinin və ifaçılıq bacarıqlarının artırılmasına töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

Ustad dərsində BMA-nın bakalavr mərhələsi üzrə tələbələri Ayan Aslanova (II kurs), İlqarə Talıbova (III kurs), Fidan Rəşidova (I kurs), magistr tələbələri Günel Hacıyeva (II kurs) və Nərminə İsmayılova (I kurs) iştirak ediblər. Onlar Friderik Şopenin Ballada N.3, Skerzo N.2, etüd N.8  op.10, Yohann Sebastian Baxın “Y.T.K” klavirinin l  cildindən Prelüdiya və Fuqa Cis dur, Robert Şumanın “Kinderszenen”, YohannBramsın “Macar rəqsi”ni, Ferens Listin  f-moll etüdünü ifa ediblər.

Olivye Qardon bilik və təcrübəsini gənc ifaçılarla bölüşüb, onlara dəyərli məsləhətlər verib.

Qeyd edək ki, tədbirdə Alfred Korto adına Ali Paris Musiqi Məktəbinin professoru, pianoçu, həmvətənimiz Rəna Şereşevskaya da iştirak edib. O, bir gün öncə BMA-da gənc pianoçulara ustad dərsi keçmişdi.