Vyanada məruzə axşamı

 

Sentyabrın 21-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Bakının memarlığı və tarixində polyak izləri“ adlı məruzə axşamı təşkil olunub.

AMM-in Azərbaycanın və Polşanın Avstriyadakı səfirlikləri və Vyana Polyak İnstitutu ilə birgə təşkil etdiyi tədbirdə azərbaycanlı və polyak diasporlarının üzvləri, Avstriya ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Mərkəzin rəhbəri Leyla Qasımova Azərbaycanın müxtəlif xalqların nümayəndələrinin dinc birgə yaşadığı ölkə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu sırada polyak icmasının da adı var və kiçik olmasına baxmayaraq, bu icmanın üzvləri Azərbaycan, xüsusilə də Bakının memarlığında silinməz izlər qoyublar.

Polşadakı səfirimiz Nərgiz Qurbanova çıxışında bu il iki ölkənin münasibətlərində dörd əlamətdar yubileyin qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, 2022-ci il diplomatik münasibətlərin qurulmasının 30, Orta əsrlər Azərbaycanının (Ağqoyunlu dövləti) Polşa Krallığı ilə tarixi əlaqələrinin 550, iki ölkə arasında strateji tərəfdaşlığın 5 və Papa II İohann Pavelin Azərbaycana səfərinin 20-ci ildönümü ilə əlamətdardır.

Qeyd edilib ki, 20-ci əsrin əvvəllərində polyaklar Azərbaycanda memar və hüquqşünas, mühəndis və ziyalı, müəllim və hərbi qulluqçu, biznesmen və dövlət xadimi kimi fərqləniblər. Xalq Cümhuriyyətinin yaradılmasında da yaxından iştirak edən polyak vətəndaşlarımız hökumət strukturlarında, parlamentdə və məhkəmə sistemində təmsil olunaraq Azərbaycanın maraqları üçün səylərini əsirgəməyiblər.

Vyana Polyak İnstitutunun direktoru Monika Şmiqiel-Turley ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib və hətta Avstriyada – hər iki ölkənin hüdudlarından kənarda da bu sıx əlaqələrin mövcud olduğunu vurğulayıb. O, mədəniyyət mərkəzləri arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Sonra tanınmış tarixçi, “Bakının sirləri” verilişinin müəllifi, şərqşünas və araşdırıcı Fuad Axundov Azərbaycandakı polyak icmasının tarixi, Bakının inkişafı və memarlıq üslubunun formalaşmasında xüsusi rol oynamış polyak əsilli memar və mühəndislər barədə məruzə ilə çıxış edib. XIX əsrin sonu və XX əsrin əvvəllərində baş verən neft bumu barədə danışan F.Axundov bu proses nəticəsində Bakı şəhərinin sənaye və mədəniyyət mərkəzinə çevrildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, həmin dövrdə əhalinin sürətli artımı, sonrakı onilliklərdə şəhəri formalaşdıracaq böyük etnik və mədəni müxtəlifliyə səbəb olub. Polyak icması sayca az olmasına baxmayaraq, Bakının ən nüfuzlu qruplarından biri sayılırdı və şəhərin sosial və ictimai həyatında çox mühüm rol oynayırdı.

Yozef Qoslavski, Yozef Ploşko, Kazimierz Skoreviç və Yevgenius Skibinski kimi görkəmli memar və inşaat mühəndisləri Bakının abadlaşması, memarlıq üslubunun formalaşması və günümüzə kimi Bakının gözəlliyinə rəng qatan tarixi binaların tikintisinə rəhbərlik ediblər. Eyni zamanda polyak memarlar Şamaxı və Gəncədə də fəaliyyət göstəriblər.

Polyak memarları sayəsində Bakı şəhərinin “Qafqazın Parisi” kimi şöhrət qazandığını deyən tarixçi polyak mühəndislərin neft sənayesinin inkişafına da töhfələr verdiyini diqqətə çatdırıb. Həmçinin qeyd edilib ki, “Armija Krajowa”da Polşa uğrunda mübarizə aparmış azərbaycanlı polkovnik Vəli bəy Yadigar və əslən Polşa tatarı olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Baş Qərargah rəisi olmuş general Maçey Sulkeviçin xatirəsi hər birimiz üçün əzizdir.

Məruzədən sonra Avstriyada yaşayan musiqiçilər Fərid Feyzullayev (skripka) və Piotr Yavorski (fortepiano) Azərbaycan və Polşa bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi proqramı ilə çıxış ediblər.