33 ölkədən 60-dan çox film yarışır
Mədəniyyət Nazirliyi və bir sıra qurumların tərəfdaşlığı ilə 21-25 sentyabr tarixində VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçirilir.
Sentyabrın 21-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində festivalın açılış mərasimi gerçəkləşdi.
Jurnalistlərə açıqlama verən festivalın direktoru İmam Həsənov qeyd etdi ki, festival hər il bir mövzuya həsr olunur: “Builki festivalın mövzusu “Təkamülə qarşı inqilab”dır. Bu mövzunu seçməkdə məqsədimiz odur ki, insanlar təbiəti və bir-birilərini qorusunlar. Burada kinonun, xüsusilə sənədli filmin böyük rolu var”.
İmam Həsənov bildirdi ki, festivala bu il 100-dən artıq film təqdim olunub. 33 ölkədən 60-dan çox film seçilib, avstriyalı rejissor Maria Arlamovskinin “Robosevgi” filmi isə müsabiqədən kənar göstəriləcək.
Açılış mərasimindən öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra “Robosevgi” filmi nümayiş olundu. Film gələcəkdə insanların və bəşəriyyətin süni intellektə daha çox üstünlük verməsi haqqındadır. Ekran əsərində insanın özünün əksi olan robotun yaranması və bu robotun gələcəkdə insan üçün törətdiyi fəsadlardan bəhs olunur.
Qeyd edək ki, festivalda filmlər “Ən yaxşı tammetrajlı sənədli film”, “No-Main”, “Ən yaxşı beynəlxalq və yerli qısametrajlı sənədli film”, “Müsabiqədənkənar”, “DokuKids” və “DokuUA” kateqoriyaları üzrə təqdim olunur. Münsiflər heyətinə tanınmış sənədli kino rejissorları, kino və foto dünyasının nümayəndələri daxildir. Onların arasında Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov, çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi Sergey Dvortsevoy, dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati və “Emmy” mükafatı laureatı, “Oskar” mükafatının nominantı, prodüser Kirstin Barfod və digərləri var.
Hər il festival dünyaca məşhur bir rejissorun filmlərindən ibarət silsilə nümayiş təşkil edir. Bu il qazaxıstanlı rejissor, 2009-cu ildə “Oskar” mükafatının nominantı (“Zanbaq” filmi) olmuş Sergey Dvortsevoyun dörd filmindən (“Cənnət”, “Qaranlıqda”, “Çörək günü”, “Magistral”) ibarət retrospektiv hazırlanıb.
6-cı festivalın proqramına ilk dəfə uşaqlar üçün sənədli filmlər də daxil edilib. Bundan başqa, festival Ukraynadan sənədli filmlər nümayiş etdirməklə bu ölkənin rejissorlarına dəstək olacaq.
Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və ssenaristi, bir sıra festivalların laureatı Pavel Lozinskidir. O, festival çərçivəsində özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.
Festival çərçivəsində filmlər Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu, YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihə Məkanı və “Kapellhaus” – Alman-Azərbaycan Mədəniyyət Birliyində nümayiş etdiriləcək.
Səsvermə onlayn və ənənəvi şəkildə baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək.
Qeyd edək ki, “DokuBaku” Azərbaycanda ilk beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildə İmam Həsənov və Veronika Yanatkova tərəfindən təsis olunan festivalın məqsədi beynəlxalq proqramda dünyanın müxtəlif ölkələrindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdir.
N.Məmmədli