VI yazı

 

“Şuşanın abidələri” rubrikasında mədəniyyət paytaxtımızın tarixi-mədəni tikililəri haqqında söz açmağa davam edirik.

 

Qara Böyükxanım qəsri

 

Şuşa şəhərinin mərkəzində yerləşən tarixi tikililərdən biri Qara Böyükxanım qəsri və ya Qara Böyükxanım bürcüdür. Qarabağ xanlığı tarixinin ilk araşdırıcılarından olan Mirzə Adıgözəl bəyin məlumatına görə, Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün geniş binalar və hündür saraylar inşa edilmişdi. Şuşa qalasında tikilmiş qəsrlərdən yalnız ikisi dövrümüzə çatıb ki, onlardan biri qalanın cənub-şərq tərəfində yerləşən Qara Böyükxanım qəsri, digəri isə dərin yarğan yanındakı qaya kənarında ucalan Pənahəli xanın qəsridir. Qara Böyükxanım qəsrinin giriş qapısı üzərindəki kitabədə onun hicri 1182-ci ildə (1768) inşa edilməsi göstərilib.
Şuşa qalasındakı qəsrlərin özünəməxsus memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhərin qonaqlarının diqqətini cəlb edib. Məsələn, XIX əsrin ortalarında “Qafqaz” qəzeti yazırdı: “Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir. Onlar özünəməxsus xarakterə malikdirlər. Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir”.

Şuşa qəsrlərinin həcm-məkan və plan formalaşmasının həllinə Ağdamdakı Şahbulaq qalasının memarlıq xüsusiyyətləri təsir göstərib. Şahbulaq qəsrində olduğu kimi, bu qəsrlərin də girişləri şimal istiqamətində yerləşir. Birbaşa girişdən müdafiə olunmaq üçün qapının qarşısında keçidə malik prizmavarı örtüklə tamamlanan qüllə ucaldılıb.

Saray kompleksinə daxil olan birmərtəbəli yaşayış və xidməti tikililər binanın daxili perimetri boyunca yerləşdirilib. Onların damında 1.5 metr hündürlükdə qəsrin divarlarında mazğallar yerləşdirilib. Bununla da yaşayış binalarının damı müdafiə meydançalarına çevrilib.

Şimal istiqamətində yerləşdirilmiş əsas giriş qapısı İbrahimxəlil xan sarayında olduğu kimi həll edilsə də, burada qabağa çıxan prizma şəkilli həcm ikimərtəbəlidir. Onun ikinci mərtəbəsi həyətin yanlarında yerləşən daş pilləkənə aparır. Otaqların divarları və tağvarı tavanları divar rəsmləri ilə bəzədilib.

Qara Böyükxanım qəsr kompleksini əhatə edən qala divarlarının yuxarı qalxdıqca daralan qüllələri ikiyarusludur. Qüllələr günbəzvarı örtüyə malikdir. Saray binasının həm tavan, həm də divar hörgüsü yaxşı yonulub.

Qara Böyükxanım qəsri ölkə əhəmiyyətli memarlıq abidəsi kimi Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınıb.

 

Firidun bəy Köçərlinin evi

 

Azərbaycanın görkəmli maarif xadimi, pedaqoq, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin (1863-1920) evi XIX əsrdə Köçərli məhəlləsində yaşıllıq içərisində tikilib. Şəhərin nisbətən yuxarı hissəsində yerləşən bu bina da yerli memarlıq üslubuna uyğun olaraq inşa edilib. Birmərtəbəli tikili bir neçə otaqdan ibarətdir. Binanın fasadında Şuşaya xas olan “tikişdoldurma üslubu” saxlanılıb.

Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınan F.Köçərlinin evi Şuşa şəhərinin işğalından sonra erməni vandalları tərəfindən dağıdılıb. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilib.

 

Yuxarı Gövhər ağa məscidinin mədrəsəsi

 

Yuxarı Gövhər ağa məscidi 1883–1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın dövründə qarğı və qamışdan inşa edilmiş məscid olub. Pənahəli хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla yenidən inşa edilib. Daha sonra bu məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuxarı Gövhər ağa məscidi kimi tanınan həmin bina inşa olunub.

XIX əsrin sonlarında Yuxarı Gövhər ağa məscidində aparılan yenidənqurma işləri zamanı məscidin ön tərəfində ikimərtəbəli mədrəsə inşa edilib. Yerli daşdan tikilən mədrəsənin ikinci mərtəbəsində taxtadan eyvanlar quraşdırılıb və dərs otaqları kimi istifadə edilib. XX əsrin birinci yarısında dini məbədlərin fəaliyyətinə qadağalar qoyulduğu zaman mədrəsənin şimal və şərq hissəsi tamamilə sökülüb. Mühafizə olunan qərb tərəfi isə XX əsrin ikinci yarısında bərpa edilib.

Yuxarı Gövhər ağa məscidinin mədrəsəsi ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınıb.

 

Xanlıq Muxtar karvansarası

 

Şuşa şəhəri yarandığı gündən yerli və xarici tacirlərin tez-tez üz tutduqları məkan olub. Şuşaya gələn tacirlərə bəzən bir gün bəs etmirdi. Ona görə də onlar Şuşada gecələməli olurdular. Bunun üçün şəhərdə karvansaralar fəaliyyət göstərirdi. Azərbaycanın digər şəhərlərində olduğu kimi, Şuşada da karvansaralar ikimərtəbəli olmaqla vahid üslubda inşa edilirdi. Birinci mərtəbənin həyətə baxan bir hissəsindən tacirlərin yük heyvanlarını saxlaması üçün tövlə kimi istifadə edilir, küçəyə baxan hissəsində isə dükan və emalatxanalar yerləşirdi. Karvansaraların ikinci mərtəbəsindəki otaqlar, adətən, tacirlərin istirahəti və onların mallarının saxlanılması üçün nəzərdə tutulurdu. Bu baxımdan XVIII əsrdə Xanlıq Muxtar tərəfindən Şuşa şəhərinin indiki M.F.Axundzadə küçəsində tikilmiş eyniadlı karvansara xüsusilə seçilirdi.

Xanlıq Muxtarın kimliyi barədə mənbələrdə ətraflı məlumat olmasa da, karvansaranın “Rasta” bazarının başında, şəhərin mərkəzində inşa edilməsindən bəlli olur ki, o, şəhərin tanınmış şəxslərindən imiş. Onun xan sarayında xidmət etməsi barədə də məlumatlar var.

Xanlıq Muxtar karvansarası birmərtəbəli inşa edilib, əsas küçələrə açılan pəncərə və qapıları iri ölçüdə həll olunub. Ticarət yeri kimi istifadə edilən binanın daxili otaqları anbar və yaşayış üçün nəzərdə tutulub.

Karvansara ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra karvansaradakı İslam elementləri və ərəb dilindəki yazılar erməni xaçı və yazısı ilə əvəzlənib.

Hazırladı: Nurəddin Məmmədli