Bakıda beynəlxalq simpozium keçirilib
20-21 sentyabr tarixlərində Bakıda Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçirilib.
Tədbirin açılışında torpaqlarımızın qorunması uğrunda şəhid olanların ruhuna hörmət əlaməti olaraq Quran tilavət edilib.
Tədbirdə çıxış edən Aİİ-nin rektoru, dosent Aqil Şirinov müasir dünyada birgəyaşayış çərçivəsində ortaya çıxan böyük problemlərin əsas amillərindən birinin milli, irqi və dini müstəvidə artan ayrı-seçkilik olduğunu bildirib. Qeyd edib ki, etiqad və məzhəb zəminində baş verən ayrı-seçkilik və münaqişələr elm və irfandan uzaq olan bəzi dini qrupları müsəlman dünyasına yönəldilmiş planların könüllü iştirakçılarına çevirir: “Bütün bunlar bizi İslam Şərqində və mədəniyyətində birgəyaşayış ənənəsini, tarixi təcrübələri, Həzrət Məhəmmədin həyat fəlsəfəsinə bağlı prinsipləri yenidən gözdən keçirib təhlil etməyə, İslam mədəniyyətinin şifrələrini və bu mədəniyyətin müqəddəs mətnlərini doğru oxumağa sövq edir”.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov İslamın əsas qaynaqlarından nümunələr gətirərək birgəyaşayış məsələsinə toxunub. Bildirib ki, sonrakı dövrlərdə, xüsusən də son bir neçə əsrdə Qərb mədəniyyətinin hakim mədəniyyətə çevrilməsi, İslam mədəniyyətinin bu böyük ənənə və təcrübəsinə kölgə salıb, dinimiz ekstremizm, radikalizm və s. qavramlarla birgə anılmağa başlanıb. “İslam mədəniyyətinin bir parçası olan Azərbaycan da keçmişdən bu günə çox zəngin birgəyaşayış ənənələrinə sahibdir. Etnik, mədəni, dini, məzhəb və s. cəhətdən müxtəlifliyin olduğu ölkəmizdəki birgəyaşayış mühiti bəşəriyyətin birgəyaşayışına öz töhfəsini verir. Bu mühit, sadəcə, qanunlara deyil, həm də kökləri dərində olan böyük mirasa söykənir”, - deyə o qeyd edib.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, professor Mevlüt Erten qeyd edib ki, İslam mədəni mühitinin birgəyaşayışla bağlı bir çox dəyərə və zəngin tarixi təcrübələrə sahib olduğunun şahidləriyik. O, qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın rolu xüsusi vurğulanmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, fəlsəfə elmləri doktoru Mübariz Qurbanlı Azərbaycanda birgəyaşayış ənənəsi, milli-mənəvi miras və dövlət siyasəti barədə danışıb. O bildirib ki, din insanların mənən zənginləşməsində geniş təsir imkanlarına malikdir: “Dinin insanların həyatındakı rolunu danmaq, funksiyalarından düzgün faydalanmamaq, habelə ondan sui-istifadə hallarına yol vermək dövlət və cəmiyyət qarşısında yeni problemlər və təhlükələr yarada bilər.
İslam Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, onun tarixinin ayrılmaz hissəsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan, milli-mənəvi dəyərlərə qayıdışın əsasını qoyan, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərən, ölkədə dini etiqad, inanc azadlığını tam təmin edən dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həm ölkə daxili, həm də ölkə xaricindəki dini abidələrin, ibadət evlərinin təmir və bərpa olunmasında, dini-mədəni irsimizin qorunub saxlanması, milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması, habelə dini abidələrin bərpasına qayğı göstərilməsində əvəzsiz xidmətləri var.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev qeyd edib ki, dinimiz təkcə müsəlmanlara qayğı göstərməyi buyurmur: “Dinimiz dinindən asılı olmayaraq ehtiyacı olan bütün şəxslərə yardım etməyi əmr edir. Birgəyaşayış, dinlərarası qardaşlıq, dostluq məhz bu əməllər üzərində qurulur, formalaşır. “Əl-Bəqərə” surəsində qeyd edilir ki, dində məcburiyyət yoxdur. Yəni, ayinləri kiməsə məcburi surətdə qəbul etdirmək olmaz. İslamda, həmçinin digər dinlərə mənsub şəxslərin ibadət yerlərinə hörmətlə yanaşmaq buyurulur. Belə dəyərlər, təkcə insanlar arasında deyil, eyni zamanda dövlətlərarası münasibətlərin tənzimlənməsində böyük rol oynayır”.
Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd edib ki, birgəyaşayış sağlam ictimai münasibətlər mühitinin formalaşması, fərdi və sosial planda təhlükəsizliyin təmin olunması üçün əvəzedilməz dəyərdir. Təsadüfi deyil ki, birgəyaşayış demokratik və multikultural cəmiyyətimizin əsas dəyərlərindən biri kimi, ölkəmiz üçün də əhəmiyyəti gedərək artan məsələlərdəndir.
Simpoziumda daha sonra İzmir Katip Çelebi Universitetinin rektoru Saffet Köse, “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru Məhəmməd əl-Şəhhat əl-Cindi, Müsəlman İnstitutunun sədri Sahibzada Sultan Ahmed Ali, Bolqar İslam Akademiyası rektorunun köməkçisi Rustem Gilmutdinov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov çıxış ediblər.
***
Simpoziumun ikinci günü panel iclaslarla davam edib. Bağlanış mərasimində Aİİ-nin rektoru Aqil Şirinov tədbirdə iştirak edən elm adamlarına təşəkkürünü bildirib. Qeyd edib ki, simpoziumda dinlənilən və birgəyaşayış ənənəsinin müxtəlif aspektlərini özündə ehtiva edən mövzularda məruzələr kitab şəklində çap olunacaq.
Vurğulayıb ki, məruzələrdən də məlum olduğu kimi, İslam dünyasında tarixən birgəyaşayış mövcud olub. Bu ənənənin ən gözəl nümunəsi ölkəmizdədir. Azərbaycanda müxtəlif dinlərin, konfessiyaların, fərqli məzhəblərin nümayəndələri birlikdə yaşayır.
Kırıkkale Universiteti İslam Ölkələri Tədqiqat Mərkəzinin müdiri, professor Zekeriya Akman simpoziumda müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin iştirakını diqqətə çatdıraraq qeyd edib ki, bu nümunədə Azərbaycanda olan birgəyaşayış ənənəsinin şahidi olduq.
Simpoziumun sonunda qonaqlara hədiyyələr təqdim olunub.
Xatırladaq ki, iki gün davam etmiş beynəlxalq simpoziumda 100-dən çox məruzəçinin çıxışları 10 paneldə dinlənilib.