“Əl Hərir” informasiya portalında görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin Əlcəzair mədəniyyətinə töhfəsi” sərlövhəli məqalə yayımlanıb.
Bəstəkarın 100 illik yubileyinə həsr olunmuş yazıda ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırov bəstəkarın həyat və fəaliyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, Rauf Hacıyev 1971-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzairdə mədəniyyət qrupuna rəhbərlik edib. Azərbaycan musiqisi tarixində novator bəstəkar kimi qalan Rauf Hacıyev əlcəzairli gənclərin musiqi təhsilində, milli musiqi məktəbinin formalaşmasında yaxından iştirak edib. Həmin musiqiçi kadrlar indi də Əlcəzair Milli Konservatoriyasında və Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.
Diqqətə çatdırılıb ki, Rauf Hacıyev Əlcəzairdə olduğu müddətdə pedaqoji fəaliyyətlə yanaşı, bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, yerli musiqi folkloru nümunələrini toplayıb nota köçürür. Bəstəkarın ərsəyə gətirdiyi bir sıra instrumental əsərlər də Əlcəzair lirik havaları əsasında bəstələnib.
Məqalədə qeyd olunub ki, Rauf Hacıyev Əlcəzair Milli Musiqi Teatrı üçün ilk baletin müəllifidir. “Üç inqilab” adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnib. Əsərin əsas mövzusu əsarətdən azad olmuş Əlcəzair xalqının yeni həyat quruculuğuna qədəm qoymasıdır. Bu baletin böyük uğur qazanmasından ruhlanan bəstəkar həmin mövzuda “Alov” və “Hürriyyət” adlı əsərlər də bəstələyib.