Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mir Cəlal Paşayevin Ev-Muzeyində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, alim-şair Bayram Ağrıdağın (Apoyev) “Şuşanamə” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və digər qonaqlar iştirak ediblər.
Niyazi Bayramov çıxışında bildirib ki, Şuşa fatehləri və Qarabağ şəhidlərinə həsr olunan “Şuşanamə” kitabı şəhidlərimizin xatirəsinin daim əbədi saxlanılması üçün atılan addımlardan biridir.
Vasif Cənnətov Bayram Ağrıdağı bütün mədəniyyət işçiləri adından təbrik edərək ona yaradıcılıq uğurları arzulayıb.
Çıxış edən digər qonaqlar yazıçının həyat və yaradıcılığından söz açıb, kitabın məziyyətlərindən danışıblar.
“Şuşa İli” və Şuşa fatehlərinə ithaf olunan kitabda müəllifin vətənsevərlik ruhlu şeirləri yer alıb.
N.Məmmədli