Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Musiqi Akademiyasında (BMA) da bir neçə konsert proqramı gerçəkləşib.

Sentyabrın 21-də Ü.Hacıbəyli adına BMA-nın böyük zalında keçirilən konsertdə bu ilin mayında Vyana şəhərində təşkil olunan “Odlar Yurdunun sədaları” Beynəlxalq Klassik Musiqi Müsabiqəsinin qalibləri – Aleksandr Maria Vaqner (Almaniya) və Qriqorius İoannu (Yunanıstan) çıxış ediblər.

Əvvəlcə BMA-nın prorektoru, professor Yeganə Axundova istedadlı pianoçular haqqında məlumat verib. Bildirilib ki, Aleksandr Maria Vaqner Virciniya Yaradıcılıq İncəsənət Mərkəzinin təqaüdçüsü, Qriqorius İoannu  F.List Beynəlxalq Musiqi Müsabiqəsinin və Zalsburq şəhərində keçirilən “Mozarteum” Yay Akademiyasının laureatıdır.

A.M.Vaqner konsertdə V.A.Motsartın “No 11 A-dur sonata”, T.Quliyevin “Cəmilənin albomu”nu və həmçinin özünün bəstələdiyi “Miniatür über Mohn” əsərlərini ifa edib. Q.İoannou isə F.Listin “Mefisto-vals No 1”, F.Şopenin “Noktürn No 1 op.48”, C.Psatosun “Jettatura”, Ü.Hacıbəylinin “Sənsiz”, S.Prokofyevin “No 7 op.83 sonata”sını səsləndirib.

Sentyabrın 22-də BMA-nın böyük zalında “Odlar Yurdunun sədaları” müsabiqəsinin qalibləri olmuş daha iki istedadlı musiqiçi – Heli Kanq (Cənubi Koreya) və Anna Leyererdir (Avstriya) səhnəyə çıxıb.

Heli Kanqın ifasında dinləyicilər D.Skarlatti, V.A.Motsart, K.Şuman, F.Mendelson və M.Ravelin, Anna Leyererin ifasında isə R.Şedrin, A.Ginastera, A.Skryabin və F.Listin əsərlərini dinləyiblər.

Müxtəlif milli məktəb, üslub və tarixi dövrlərin bəstəkarlarının əsərlərindən ibarət rəngarəng proqram təqdim edən gənc musiqiçilərin incə təfsiri və virtuoz texnikası Bakı dinləyicilərinin yaddaşında hələ uzun müddət qalacaq.

***

Sentyabrın 24-də BMA-da “Baku Chamber Orchestra”nın konserti keçirilib. Konserti Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər dinləyiblər.

Dirijor Mirian Xuxunaişvilinin (Gürcüstan) rəhbərliyi altında “Baku Chamber Orchestra”nın müşayiəti ilə solist, istedadlı pianoçu Kristina Millerin (Rusiya/Almaniya) ifası dinləyicilərə böyük zövq bəxş edib.

Qeyd edək ki, K.Miller beynəlxalq müsabiqələr laureatı, Münxen Yeni Filarmoniyası, Vyana Kamera Orkestri, Amerika Orkestri və Litva Kamera Orkestrinin solistidir.

Konsert proqramında Ü.Hacıbəylinin “Arazbarı”, F.Şopenin “Piano və orkestr üçün konsert No.1 e moll, op.11”, B.Brittenin “Simple Symphony, op.4”, G.Kançelinin “Daneliada” əsərləri ifa olunub.