VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başa çatıb

 

Mədəniyyət Nazirliyi və bir sıra qurumların tərəfdaşlığı ilə 21-25 sentyabr tarixində keçirilən VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başa çatıb.

Sentyabrın 25-də Nizami Kino Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi gerçəkləşib. Tədbirdə Fransanın ölkəmizdəki səfiri Zakari Qros, Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və digər qonaqlar iştirak ediblər.

Builki mövzusu “Təkamülə qarşı inqilab” olan festivalda 33 ölkədən 60-dan çox film yarışıb.

“Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film” kateqoriyası üzrə Marita Tevzadze və Ana Jeqnaradzenin (Gürcüstan) “Hey, günəş” filmi qalib olub. “Ən yaxşı yerli qısametrajlı sənədli film” kateqoriyası üzrə rejissor Mətləb Muxtarovun “12/35” filmi birinci yerə layiq görülüb.

Rejissor Amil Amalın “Vulkan üstündə ev” filmi isə münsiflər heyətinin xüsusi mükafatını qazanıb. Rişi Çandnanın (Hindistan) “Festival posteri” və Sarah Bahramcahanın (İran) “Uşaqsız” filmləri də xüsusi mükafatlara layiq görülüb.

Rejissor Amil Amalın “Vulkan üstündə ev” filmi isə münsiflər heyətinin xüsusi mükafatını qazanıb. Rişi Çandnanın (Hindistan) “Festival posteri” və Sarah Bahramcahanın (İran) “Uşaqsız” filmləri də xüsusi mükafatlara layiq görülüb.

İlkin Yusifin (Azərbaycan) “Mən qəhrəman axtarıram” və Səid Taci Farukinin (Fransa) “Min alov” filmi “No-Main” kateqoriyasında ən yaxşı tammetrajlı sənədli filmlər kimi qalib olub. Bu kateqoriyada Mileyn Quiard-Şmidin (Belçika) “Paça hekayələri” filmi ən yaxşı qısametrajlı sənədli film elan edilib. “No-Main” kateqoriyasında münsiflər heyətinin xüsusi mükafatına isə Siril Kornunun (Fransa) “Mamodi, sonuncu baobab qazıcısı” filmi sahib çıxıb.

“Ən yaxşı tammetrajlı sənədli film” kateqoriyasında qalib isə polşalı rejissor Pavel Lozinskinin “Balkon” filmi olub. Bu kateqoriya üzrə münsiflər heyətinin xüsusi mükafatı Helmut Dosantosun “Meksika tanrıları” və Nikolas van Hemelrik və Kler Vayskopfun “Alis” filmlərinə verilib.

Mərasimdə həmçinin kinematoqrafiyada xüsusi xidmətlərinə görə Azərbaycan və beynəlxalq kino sənəti ustalarına xüsusi “iCyborg” mükafatları da təqdim edilib. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi Sergey Dvortsevoy, polşalı sənədli film rejissoru və ssenarist, bir sıra festivalların laureatı  Pavel Lozinski, dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati və ölkəmizin mərhum kinoaktyoru və rejissoru Ceyhun Mirzəyevin (1946-1993) də adı var. Səhnə adı ilə daha çox “Ələkbər əmi” kimi tanınan Əməkdar artist Ələkbər Hüseynov (1961-2007) da uşaqlar üçün teatr sənətinin inkişafındakı xidmətlərinə görə “iHuman” mükafatına layiq görülüb.

Qeyd edək ki, beş gün davam edən festivalda filmləri Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov, Kann Film Festivalının qalibi Sergey Dvortsevoy, məşhur fotojurnalist Reza Deqati və “Emmy” mükafatı laureatı, “Oskar” mükafatının nominantı, prodüser Kirstin Barfod və digərləri qiymətləndiriblər.

Hər il festival dünyaca məşhur bir rejissorun filmlərindən ibarət silsilə nümayiş təşkil edir. Bu il qazaxıstanlı rejissor, 2009-cu ildə “Oskar” mükafatının nominantı (“Zanbaq” filmi) olmuş Sergey Dvortsevoyun dörd filmindən (“Cənnət”, “Qaranlıqda”, “Çörək günü”, “Magistral”) ibarət retrospektiv hazırlanıb nümayiş olunub.

Festivalda filmlər Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu, YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihə Məkanı və “Kapellhaus” – Alman-Azərbaycan Mədəniyyət Birliyində nümayiş etdirilib.

Xatırladaq ki, “DokuBaku” 2017-ci ildə İmam Həsənov və Veronika Yanatkova tərəfindən təsis olunan Azərbaycanda ilk beynəlxalq sənədli film festivalıdır.

Nurəddin