Sentyabrın 27-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı anım tədbiri keçirildi. Tədbirdə şəhidlərin ailə üzvləri, yaxınları, müharibə veteranları iştirak edirdi.
Əvvəlcə şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Dövlət Himni səsləndirildi.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözündə otuz ilə yaxın erməni işğalında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı Zəfərin tariximizdəki müstəsna yerindən bəhs etdi.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva Vətənin ərazi bütövlüyü uğrunda şəhid olan, yaralanan əsgər və zabitlərimizin rəşadətindən söz açdı. Qeyd etdi ki, müharibədə silah-sursatın, hərbi texnikanın böyük önəmi var. Ancaq düşmənin iradəsini qıran, onu torpaqlarımızdan vurub çıxaran və Azərbaycan bayrağını azad edilmiş torpaqlara sancan əsgər və zabitlərimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Çıxışlardan sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları Maqsud Musazadə, Samirə Rəhimova (fortepiano), Rəna Zəkiyeva, AMK nəzdində Musiqi Kollecinin tələbəsi Elton Şıxəliyev (tar), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Tuncay Əşrəfli (tar), Əli Vahidov (fortepiano) və Rafiq Ağayevin (vokal) ifalarında şəhidlərə həsr olunmuş musiqi proqramı təqdim edildi. Proqramda İ.S.Baxın “Prelüd və fuqa”, V.Adıgözəlovun “Qərənfil”, “Laylay”, Ə.Vahidovun “Matəm prelüdü”, B.Marçellonun “Adajio re minor”, C.Quliyevin “Fəryad” əsərləri səsləndirildi.
Musiqilərin müşayiəti ilə şəhidlərdən bəhs edən videoçarx nümayiş olundu.
S.Fərəcov