Hər il Azərbaycan professional musiqi sənəti və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü ilə başlayan və dahi sənətkarın adını daşıyan beynəlxalq musiqi festivalının bu il (18-26 sentyabr) də zəngin proqramı vardı. 12-14 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatının qarşısını alarkən həlak olan şəhidlərimizin ruhuna dərin ehtiram olaraq proqramda bir sıra dəyişikliklər zərurəti yaransa da, ümumilikdə festival mədəni həyatımızda əlamətdar hadisəsi kimi yadda qaldı. Festivalın konsertləri ölməzliyə qovuşan Vətən övladlarının xatirəsinə sənət ithafı idi.
Festival çərçivəsində sentyabrın 24-də Kamera və Orqan Musiqisi Zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe” violonçelçilər ansamblının təqdim etdiyi konsert də “Şəhidlərə ithaf” adlanırdı. Hər dəfə “Detaşe” ansamblının proqram tərtibinə fikir verərkən seçilən əsərlərin ardıcıllığının düşünülmüş dramaturji məzmuna görə qurulduğu xüsusi nəzərə çarpır. Budəfəki konsert də istisna deyildi.
Konsert alman bəstəkarı Qeorq Fridrix Hendelin “Passakaliya”sı ilə başladı. Bəstəkarın 7 saylı sol minor, klavesin süitasının son bölümü olan əsər Qərbi-Avropa klassik irsindən bu günümüzə qədər gəlib çatan populyar mövzulardan biridir. Sarabanda, çakona kimi qədim rəqslər qrupuna aid olan passakaliya (ispan mənşəli rəqsin tərcüməsi “küçə yürüşü” deməkdir) da dəyişməz bas özəyin (basso ostinato) üzərində qurulan, minor ruhlu variasiya ardıcılığından ibarətdir. İfaçılarımızın təfsirində “Passakaliya”nın məzmunundakı lirika ilə yanaşı, qəhrəmani və patetik ahəng olduqca inandırıcı səslənərək dinləyiciləri musiqi axşamının axarına köklədi.
Növbəti kompozisiya XIX əsr romantizminin görkəmli nümayəndəsi, Avstriya bəstəkarı Frans Şubertin Lya major “Adajio”su idi. Həyatın təzadlı dönəmini əksər insanların duyduğu kimi öz əsərlərində əks etdirən Şubert burada da üslubuna sadiq qalıb. Serenada təbiətli mahnıvarı pyesin üçsəsli versiyası mövzunun əsasını təşkil edən işıqlı məhəbbət ruhunun parlaq açımını şərtləndirir.
Daha sonra müasir alman bəstəkarı İoahim Yohovun “Antonionun yuxusu” adlanan və italyan sənətkarı Antonio Vivaldiyə həsr edilən kompozisiya təqdim olundu. Bu əsər ümumən proqram boyu royalın iştirakı olmadan səsləndirilən yeganə nümunə idi. İfaçılar solist səviyyəsində yazılan partiyaların öhdəsindən uğurla gəldilər.
Sonra isə istedadlı pianoçu-konsertmeyster Səbinə Muradovanın həssas müşayiətində ansambl tərəfindən melodiyasının füsunkarlığı ilə heç kimi biganə qoymayan F.Şubertin “Ave Mariya”sı səsləndi. Şotland şairi Valter Skottun “Göl məlaikəsi” poemasında əsl adı “Ellenin duası” adlanan vokal kompozisiyada qəhrəmanın ilahi varlığa ünvanladığı diləklərdə Yer üzünü bütün pisliklərdən qurtarmaq, insanlığa mərhəmət kimi bəşəri çağırış var. Təsadüfi deyil ki, dini inamından asılı olmayaraq dünyanın istənilən konsert məkanında həmin əsər müxtəlif alətlərdə səslənərkən dinləyicilərin sayğısı ilə qarşılanır.
Səhnəyə hər çıxışında repertuar fərdiliyi ilə seçilən professor Zəhra Quliyeva bu dəfə özünə sadiq qaldı. Ffransız bəstəkarı Qabriel Forenin gənclik illərinə aid və müğənni Polina Viardoya həsr elədiyi “Oyanış” romansının instrumental variantı bu dəfə solo və ansambl formasında təqdim olundu. Belə təfsir üslubu əsərin məzmununa başqa bucaqdan baxmağa sövq edir. Şəxsən mənim gözlərim qarşısında qərənfillərə qərq olan şəhid məzarı önündə matəm sükutuna dalmış ana obrazı canlandı.
Konsertin proqramı haqqında danışarkən daha üç əsər barədə söz demək istərdim. Aqşin Əlizadənin “Rəqiblər” filmi üçün yazdığı həssas lirika ilə zəngin musiqi hər dəfə dinləyicidə ötənlərlə bağlı nostalji hisslər yaradır. Filmə tamaşa edənlər həmin musiqinin yağışlı, çiskinli bir havada iki həmkarın söhbəti zamanı səsləndiyini yaxşı xatırlayırlar. Həmin axşam isə “Detaşe”nin təfsirindəki kompozisiya sanki Şəhidlər xiyabanı üstünə yağan göylərin aramsız göz yaşı təəssüratı yaradırdı.
Xalq artisti, professor Fərhad Bədəlbəylinin “İthaf” pyesinin “Detaşe” ansamblı üçün işlənməsi gənc bəstəkar Ağa Əliyevə məxsusdur. Milli melizmlərin müasir harmonik vasitələrlə sintezi pyesin romantik əhvalını gücləndirir. “İthaf” bütün şəhidlərimizin xatirəsinə ünvanlanan musiqili sayğıdır.
Musiqi axşamının finalı Qara Qarayevin “İldırımlı yollarla” baletindən iki kontrast fraqmentlə sona çatarkən hamının təxəyyülündən ölməzliyə qovuşan qəhrəmanların qısa, lakin mənalı həyatının bir film kimi keçdiyini desəm, yəqin yanılmaram. Birinci epizodda mövcud əhval-ruhiyyə dönəmində hüzur notları eşidilsə də, ikinci parçanın çılğınlığı mübariz ruhun daima sönməyəcəyinə, əksinə, Vətənimizin bir qarış torpağına belə göz dikən yağıya qarşı daim barışmaz mücadiləyə bir çağırış idi.
Bu il “Detaşe” ansamblının 15 yaşı tamam olur. Hər konsert bir yaradıcılıq hesabatı olaraq istənilən kollektivin kamillik səviyyəsinə doğru atılan yeni addım deməkdir. Elə haqqında söhbət açdığım konsertdə səslənən əsərlərin daxili məzmunundan irəli gələn emosional hisslərin artıb-azalma dərəcəsi ansamblın həssas sinxronluğunda dolğun təsir bağışlayırdı. Beləliklə, “Detaşe” qarşısına qoyduğu missiyanı uğurla yerinə yetirir. Üzeyir festivalında çıxış da buna bariz nümunədir.
Sonda bir daha şəhidlərimizə Tanrıdan rəhmət diləyirik.
Yavər Neymətli
sənətşünaslıq üzrə fəlsəfə doktoru