Böyük Britaniyaya səfər edən turistlərin 20%-dən çoxu viza alarkən çətinliklə üzləşməsindən şikayətlənir. Bu barədə Avropa Turist Operatorları Assosiasiyasının açıqlamasında bildirilir ki, Britaniya hər il viza prosedurunun mürəkkəbliyi üzündən 300 min turist itirir. Artıq London da turistlər üçün cazibədar şəhər sayılmır. Honkonq və Sinqapura turist axını 18% və 16% artdığı halda, Londona gələnlərin sayı 2,5% azalıb. Bununla belə, assosiasiya bu qənaətdədir ki, Britaniyaya bu il Çindən böyük turist axını gözlənilir. Ötən il məhz çinlilərin sayəsində bu ölkədə rüsumsuz ticarət 60% artıb.
   Bu arada məlum olub ki, ötən il Yaponiyaya gələn turistlərin sayı da 2010-cu illə müqayisədə azalıb. Statistik məlumatlara görə, azalma 24,4% təşkil edib. 2011-ci ildə Yaponiyanı 7,14 mln. nəfər turist ziyarət edib. Bir il əvvəl isə bu göstərici 9,45 mln. nəfər olub.
   Turistlərin sayının azalmasına səbəb isə ötən ilin martında Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində “Fukusima-1” AES-də meydana gələn qəza olub. Bu səbəbdən aprel Yaponiya turizmi üçün ötən ilin ən uğursuz ayı hesab edilib. Hazırda Yaponiya hökuməti ölkənin turistlər üçün cəlbediciliyini artırmağın yollarını axtarır, xüsusən Cənubi Koreya hökuməti ilə danışıqlar aparır. Çünki 2011-ci ildə koreyalılar Yaponiyaya gələn turistlərin ümumi sayının 28,3%-ni təşkil ediblər.

Fəxriyyə Abdullayeva