Sentyabrın 28-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış pianoçu, Əməkdar artist Rəna Rzayeva ilə görüş keçirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Rəna Rzayevanın sənət fəaliyyəti haqqında danışıb. Qonağa muzey nəşrlərindən nümunələr hədiyyə edilib.

Tədbirdə Rəna Rzayevanın arfa ifaçısı, Əməkdar artist Çiçək Rzayevanın xatirəsinə həsr olunmuş diskinin təqdimatı keçirilib.

Bu yaxınlarda Avstriyanın paytaxtı Vyanada buraxılan diskdə yazılmış əsərlərin arasında bəstəkar Rəhilə Həsənovanın İkinci Qarabağ müharibəsində Qələbəmizə həsr olunmuş “Payız palitrası” əsəri də yer alıb. Diskə əlavə olunmuş bukletdə R.Rzayevanın Qarabağ mövzusuna həsr etdiyi rəsmləri əks olunub.

Əməkdar incəsənət xadimi, musiqişünas, professor Zümrüd Dadaşzadə çıxış edərək R.Rzayevanın yaradıcılığı və təqdim olunan disk haqqında ətraflı söz açıb.

Daha sonra R.Rzayeva diskdə yazılmış əsərlərdən bir neçəsini ifa edib.