Azərbaycanın yeni tarixinə şan və şərəf salnaməsi kimi yazılan 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi qardaş Türkiyədə silsilə tədbirlərlə yad edilib.

Anım Günü münasibətilə Ankarada Türkiyə Prezident Administrasiyası Simfonik Orkestrinin binasında “Qarabağ Azərbaycandır!” şüarı ilə mərasim keçirildi.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi, şəhidlərimizin ruhuna dualar oxundu.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbədən bəhs etdi.

TBMM-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım 44 günlük Vətən müharibəsində qəhrəman övladlarımızın göstərdikləri misilsiz şücaətin  əbədiyyətə qədər xalqımızın qəlbində yaşayacağını vurğuladı.

Atasının keçdiyi şərəfli döyüş yolundan qürur duyduğunu deyən Vətən müharibəsi şəhidi İlqar Vəliyevin oğlu Fuad Vəlizadə bildirdi ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların arzusu Qarabağın azad olması idi. Qazi İlkin Rüstəmli Vətən müharibəsində döyüş yolundan bəhs etdi.

44 günlük savaşa həsr edilən videomaterial nümayiş olunandan sonra polkovnik Erhan Altunok Qarabağ Zəfərinin tarixi və mənəvi əhəmiyyətindən danışdı.

27 Sentyabr – Anım Günündə göstərdikləri həmrəyliyə görə iştirakçılara minnətdarlığını ifadə edən Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov bildirdi ki, şəhid və qazilərimizin rəşadəti sayəsində doğma Vətənimizin adı hər zaman zirvələrdə olacaq.

Anım mərasimi bədii proqramla başa çatdı. Azərbaycana qarşı erməni təcavüzkarlığının tarixini, dövlət müstəqilliyimiz yolunda aparılan milli azadlıq mübarizəsini və ərazi bütövlüyünün bərpasını əks etdirən film və fotosərgi nümayiş olundu.

***

Türkiyənin bir sıra şəhərlərində Azərbaycanın Anım Günü silsilə tədbirlərlə qeyd edilib.

Konya Azərbaycanlı Tələbələr Birliyi tərəfindən yürüş, İzmir Azərbaycan Dərnəkləri Platforması tərəfindən keçirilən anım tədbiri təşkil edilib. Daha bir mərasim Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı, Manisa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə gerçəkləşib.

Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin təşkilatçılığı və Bursa Uludağ Universiteti “Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi”nin dəstəyi ilə şəhərin Demirtaş səmtində yerləşən “General-mayor Polad Həşimov” parkında mərasim keçirilib. Mərasimdə Bursada müalicəsi davam edən Vətən müharibəsi qaziləri də iştirak ediblər.

Mehparə Sultanova
Ankara