1970-ci illərin pambıq yığımı mövsümlərinin birində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru maestro Niyazi rəhbərlik etdiyi kollektivlə birlikdə respublikamızın rayonlarına səfəri zamanı magistral avtomobil yolunun kənarındakı pambıq sahəsində pambıqyığan gənc qızları görür. Dahi musiqiçi yolboyu bu mənzərəni çox maraqla seyr edərək maşını saxladır. Maestro günəşli, təndir kimi isti qızmar havada “ağ qızıl” toplayanların zəhmətinə böyük qiymət kimi musiqi kollektivinin üzvlərinə məhz burada, açıq səma altında konsert verməyi məsləhət görür. Orkestrin ifasında Azərbaycan bəstəkarlarına məxsus əsərlərin burada səslənməsi böyük dirijorun zəhmətkeş insanlara olan hədsiz məhəbbəti və hörmətinin bariz nümunəsi idi.

Əlbəttə, bu elə bir vaxta təsadüf edirdi ki, həmin illərdə respublikamızın ictimai-siyasi, mədəni-iqtisadi həyatında böyük inkişaf mərhələsi başlamışdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin rəhbərliyi ilə respublikada digər istehsal sahələri ilə yanaşı, aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı ildən-ilə genişlənirdi. Haqqında söhbət açacağımız qəhrəmanımız da əmək cəbhəsinə məhz həmin vaxtlarda qədəm qoymuşdu...

Mətanət Səfər qızı Məmmədova 1951-ci il oktyabrın 20-də Əli Bayramlı rayonunun (indiki Şirvan şəhəri) Dadaşbəyli kəndində fəhlə ailəsində dünyaya göz açıb. 1966-cı ildə kənddə 8 illik məktəbi başa vurduqdan sonra Sabirabad rayonunun “Kommunizm” kolxozunda əmək fəaliyyətinə başlayıb. Tezliklə çalışqanlığı sayəsində sıravi pambıqçıdan kolxozdakı 7 nömrəli pambıqçılıq briqadasının briqadiri vəzifəsinədək yüksəlir. 1970-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən kənd təsərrüfatı sahəsində yüksək nailiyyətlərə və V.İ.Leninin 100 illiyi münasibətilə ona yubiley medalı təqdim olunur. 1973-cü il dekabrın 21-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Mətanət Məmmədova “Şərəf nişanı” ordeni ilə, 1973-cü il iyulun 23-də SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına layiq görülür.

1974-cü ildə Sabirabad seçki dairəsindən 9-cu çağırış SSRİ Ali Sovetinə deputat seçilir. 1975-ci ildə respublika üzrə “Sosializm yarışının qalibi” döş nişanı, 1976-cı ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı tərəfindən “Ən yaxşı gənc pambıqçı” döş nişanı, 1978-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı ilə təltif edilir. 1979-cu ildə pambıqçılıq sahəsində yüksək əmək nailiyyətləri əldə etdiyinə görə SSRİ Kənd Təsərrüfatı Nazirliyi, SSRİ Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin Baş Komitəsi və Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı tərəfindən “Lenin komsomolu mükafatı”na, 1980-ci ildə yenidən “Sosializm yarışının qalibi” döş nişanına layiq görülür.  

Gənc pambıqçı eyni zamanda təhsilini də artırır. 1981-ci ildə Gəncə şəhərindəki S.Ağamalıoğlu  adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (Azərbaycan Dövlət Aqrar Universiteti indiki – Aqrar Universitet) aqronomluq ixtisası üzrə başa vurur.

Bütün həyatı boyu zəhmətlə yaşamış Mətanət Məmmədova müstəqillik illərində də rayon rəhbərliyinin diqqətindən kənarda qalmayıb. “Kənd təsərrüfatı işçiləri günü” münasibətilə Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmana layiq görülüb. Hazırda təqaüdçü olan təcrübəli kənd təsərrüfatı mütəxəssisi ulu öndər Heydər Əliyevin vaxtilə Sabirabad rayonunda zəhmətkeşlərlə etdiyi söhbətləri hər zaman  həvəslə xatırlayır. Keçdiyi həyat və zəhmət yolu isə nəsillərə örnəkdir...

M.Əbilov
Sabirabad rayon Mədəniyyət Mərkəzi Güdəcühür kənd Folklor evinin direktoru