Almanları daha çox «Eurovision»la bağlı məlumatlar maraqlandırıb
Xəbər verdiyimiz kimi, yanvarın 14-dən 22-dək Almaniyanın Ştutqart şəhərində «CMT-2011» beynəlxalq turizm sərgisi keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edib. Sərgidə ölkəmizin turizm imkanları ziyarətçilərə 24 kvadratmetrlik lövhədə təqdim olunub.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyevin bildirdiyinə görə, Azərbaycanın stendini ziyarət edən insanlara ingilis və alman dillərində broşür, CD və digər reklam-çap məhsulları paylanıb: «Almaniyanın ən böyük sərgilərindən hesab olunan sərgi birbaşa vətəndaşlar üçün nəzərdə tutulub. Sərgi günlərində Azərbaycanın turizm potensialını nümayiş etdirən lövhəni çoxlu sayda insan ziyarət etdi. Sevindirici haldır ki, ziyarətçilərin çoxu ölkəmiz haqqında, regionlarımız barədə məlumatlara malik idilər. Onların bəziləri hətta turizm mərkəzlərimizin, rayonlarımızın adlarını çəkirdilər. Bundan başqa, ziyarətçilər ölkəmizin turizm imkanları, təbiəti, mədəniyyəti, beynəlxalq mədəni turizm marşrutları barədə suallar verirdilər. Biz də onlara ətraflı məlumatlar verdik».
C.Kəlbəliyevin sözlərinə görə, almanlar xüsusilə avtomobillə Azərbaycana səfər etməyin mümkünlüyü və Bakıda keçiriləcək «Eurovision» müsabiqəsi ilə bağlı suallar veriblər: «Hər il CMT sərgisini 250 mindən artıq insan ziyarət edir. Ölkəmiz sərgidə ikinci dəfə təmsil olunurdu. Hesab edirəm ki, gələcəkdə CMT sərgisində davamlı olaraq iştirakla biz çoxsaylı alman turistlərin ölkəmizə cəlb edilməsinə nail ola biləcəyik».
Qeyd edək ki, sərgidə Azərbaycanda fəaliyyət göstərən «Geo travel», «EMC travel» və «Xəzər travel» şirkətlərinin əməkdaşları da iştirak ediblər.
Nazirlik təmsilçisi bildirdi ki, Azərbaycan mart ayında Almaniyada keçiriləcək daha bir sərgidə - İTB-Berlin sərgisində iştirak edəcək.
Fəxriyyə Abdullayeva