Şanlı Zəfərimizə və mədəniyyət paytaxtımıza həsr olunan ekran əsərlərindən söz açıldı
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi “Şuşa İli” münasibətilə mart ayından “Şuşa söhbətləri” (Shusha talks) layihəsini həyata keçirir. Sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində layihə üzrə “Tarixi Zəfərimizə və mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş ekran əsərləri” mövzusunda üçüncü görüş təşkil olundu. Görüşdə tanınmış kino xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri açıq elan edən Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə layihə haqqında məlumat verdi. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyi münasibətilə ölkəmizdə “Şuşa İli” elan edilib: “Mədəniyyət Nazirliyi olaraq məqsədimiz Şuşa mədəniyyətinin dirçəlişi üçün bir sıra istiqamətlərdə layihələr həyata keçirməkdir. Layihənin əsas məqsədi Qarabağın, onun tacı Şuşanın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdən ibarətdir. İlk görüşdə bir neçə təşəbbüs irəli sürülüb və uğurla reallaşdırılıb. Bugünkü görüş də bu ideyaya xidmət edir. Layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin “Şuşa İli” ilə bağlı nazirliklə əməkdaşlığını genişləndirmək məqsədilə görüşlər keçiriləcək, fikir mübadiləsi aparılacaq”.
Məryəm Qafarzadə dedi ki, nazirliyin bütün layihələrində Şuşanın tarixi-mədəni zənginlikləri həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunacaq.
Sonra Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev çıxış edərək son iki ildə nazirlik tərəfindən Qarabağ və Vətən müharibəsi mövzusunda lentə alınan ekran əsərləri haqqında məlumat verdi. Bildirdi ki, bu müddətdə 70-dən artıq film istehsalata buraxılıb. Bunlardan 30 ekran əsərinin istehsalı başa çatıb. Bu filmlər sırasında ictimaiyyətə təqdim olunan “Biz”, “Fulya”, “Böyük qırmızı ev” və digərlərinin adlarını çəkə bilərik. Həmçinin “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) bədii filminin çəkilişləri də yekunlaşıb. Bundan əlavə, İctimai Televiziya ilə birlikdə “Görünməyən qəhrəmanlar” silsiləsindən 10 film lentə alınaraq tamaşaçıların ixtiyarına verilib. 2021-ci ildə elan edilən “Böyük Qayıdış” ssenari müsabiqəsinin qalib işlərinin də çəkilişlərinin yekunlaşdığını diqqətə çatdıran sektor müdiri qeyd etdi ki, “Salnaməfilm” Studiyası və Bakı Media Mərkəzi ötən ilin noyabrında “Şuşa, sən azadsan!” filmini ictimaiyyətə təqdim etdi, ekran işi böyük maraqla qarşılandı. Hazırda Qarabağ və Şuşanın tanınmış şəxsiyyətlərinə həsr edilən filmlər lentə alınmaqdadır. “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevin kitabı əsasında lentə alınan “Mehmandarovlar” (rejissor – Yavər Rzayev), ANAMA əməkdaşlarına həsr olunan “Minaaxtaranlar”, “Salnaməfilm” Studiyasında “Qarabağ” futbol klubu haqqında və Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilən sənədli filmlərin çəkilişləri Şuşada və Bakıda davam etdirilir.
Qeyd olundu ki, Dövlət Film Fondunda ümumilikdə Qarabağ və Şuşaya aid kadrların əks olunduğu 7 film bərpa edilib. 2021-ci ilin noyabrında Azərbaycan filmləri İstanbulda keçirilən I “Qorqud Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında təqdim olunub. Həmin festivalın gələcəkdə Türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində Türk Dünyası Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti “Qorqud Ata” Türk Dünyası Beynəlxalq Film festivallarının türkdilli ölkələrin müxtəlif şəhərlərində, o cümlədən 2023-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Həmçinin Türkiyənin “Bozdağ Film” kino şirkəti ilə birlikdə şərti adı “Qarabağ Vətən müharibəsi” olan çoxseriyalı filmin layihəsi üzərində iş gedir.
Çıxışlardan sonra “Şuşa söhbətləri”nin qonaqları səhnəyə dəvət olundu. Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin əməkdaşı Leyla Sarabinin moderatorluğu ilə keçən paneldə Əməkdar incəsənət xadimi, professor, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov, “Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov Qarabağ və Şuşa mövzusunda kino sahəsində lentə alınan ekran əsərləri barədə düşüncələrini bölüşdülər.
Vaqif Mustafayev Qarabağ mövzusunda lentə aldığı filmlər haqqında danışarkən kadrarxası məqamlardan söz açdı. “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) filminin çəkiliş prosesindən danışaraq ekran əsərinin noyabrda beynəlxalq festivalda təqdim ediləcəyini dedi. Rejissor Fikrət Əmirova həsr edilmiş sənədli filmin çəkilişləri zamanı Şuşada yaşadığı təəssüratları da bölüşdü.
Rəşad Qasımov “Şuşa İli” çərçivəsində Dövlət Film Fondunda qorunan Qarabağ və Şuşa haqqında filmlərin bərpasından danışdı. Bildirdi ki, bu məsələ “Şuşa İli” ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər planında əksini tapıb. Bu xronikalarda ulu öndər Heydər Əliyevin 1982-ci ildə Şuşada Vaqif poeziya günündə çıxışı, Natəvanın büstünün açılışında iştirakı ilə bağlı kadrlar yer alıb. Tədbirlə planına uyğun olaraq, filmlər bu il Şuşada təşkil edilən mədəni tədbirlərdə nümayiş olunub. Eyni zamanda bu xronikalardan F.Əmirov haqqında və “Mehmandarovlar” filmlərində istifadə edilib.
Cavidan Şərifov çıxışı zamanı dedi ki, Vətən müharibəsi başlayan zaman Bakı Media Mərkəzi və “Salnaməfilm” Studiyasının rəhbərliyi tərəfindən bir qrup yaradıldı: “Biz ön cəbhəyə ezam olunduq və məqsədimiz maksimum dərəcədə döyüş zonasına yaxın olmaq, əsgər və zabitlərimizin igidliyi, şücaəti ilə bağlı arxiv kadrları çəkmək idi. Son getdiyimiz yer Şuşa oldu. Vətən müharibəsi bitdikdən sonra həmin kadrlar əsasında bir film ərsəyə gətirilməsi ideyası yarandı. Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının diqqətçəkən məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunub. “Şuşa, sən azadsan!” filmi artıq beynəlxalq film festivallarında nümayiş olunur və bununla da Azərbaycanın haqq savaşındakı səsi bir daha dünyaya bəyan edilir”.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Azərbaycanın kino salnaməsində Qarabağ mövzusunda lentə alınan filmlər və onların rejissorları haqqında söz açdı. Bildirdi ki, Qarabağ haqqında ilk ekran əsərini görkəmli rejissor Səməd Mərdanov lentə alıb. O, ilk dəfə 1933-cü ildə “Köçərilər” filmini çəkib. Əfsus ki, bu filmin lenti qalmayıb. Daha sonra isə “Kəndlilər” filmindəki (1939) bir neçə kadr Qarabağda lentə alınır. Mərhum rejissor Əbdül Həsənov Qarabağ mövzusunda vaxtilə silsilə filmlər çəkib. Rejissor 1937-ci ildə lentə aldığı “Qarabağ daşı”, “Şuşa – kurort şəhəri” filmlərində Qarabağın mədəniyyəti, təbiəti haqqında dəyərli materiallar əks olunub. Görkəmli rejissor Hüseyn Seyidzadə “Koroğlu” filminin kadrlarını Əsgəran qalasında lentə alıb. Bu gün kino tarixində adı unudulmuş peşəkar operator, sonradan rejissorluqla da məşğul olan Əlibala Əsgərov 1967-ci ildə “Qarabağa səyahət” adlı sənədli film ekranlaşdırıb ki, həmin filmdə o zamanlar kinostudiyanın direktoru işləyən Xalq artisti Adil İsgəndərovun danılmaz əməyini qeyd etməliyik. Bu filmdə Qarabağın bütün bölgələrini, eləcə də Şuşaya səyahəti əks etdirən görüntülər var. Fond tərəfindən bərpa edilərək rəqəmsallaşdırılan filmlərin əksəriyyəti 1970-1980-ci illərdə lentə alınan ekran əsərləridir.
Panel çıxışlardan sonra tədbir sual-cavabla davam etdi, təkliflər dinlənildi.
“Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev çıxışı zamanı Azərbaycan kino salnaməsində 1976-cı ildə lentə alınan “Dərviş Parisi partladır” filminin xüsusi yeri olduğunu dedi. Bildirdi ki, Qarabağ motivlərindən – Qarabağın əsrarəngiz təbiətindən, Qarabağ atlarından söz açılan bu filmin təbliğat baxımından böyük əhəmiyyəti var. M.F.Axundzadənin məşhur əsəri əsasında lentə alınan və fransalı alimin Qarabağa səyahətindən bəhs edən filmin fransız dilinə dublyaj edilərək Fransada yayımlanması Qarabağın Azərbaycanın əzəli torpağı kimi tanıdılması işinə töhfə ola bilər.
Cəmil Quliyev bu təklifi dəstəkləyərək bildirdi ki, rejissorlar Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyovun quruluş verdiyi, məşhur sənətkarların çəkildiyi film Azərbaycan kinosunun ən dəyərli nümunələrindən biridir və onun xarici dillərə dublyajı və yayımı təqdirəlayiq addım olardı.
Lalə