Sentyabrın 30-da Xətai Sənət Mərkəzində “Sənətşünaslığın təbliği” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Şəhidlər ölməzdir” adlı rəsm sərgi-müsabiqəsinin qalibləri mükafatlandırıldı.
Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.
İctimai birliyin rəhbəri, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, rəssamlar tarixin aynasıdır. Onların yaratdıqları əsərlər isə tarixin şahididir. I və II Qarabağ müharibələrində Azərbaycanın minlərlə övladı Vətən uğrunda canını qurban verib. Rəssamlarımız onların bir çoxunun qəhrəmanlıqlarını tablolara köçürərək əbədiyaşarlıq qazandırıb. Bugünkü sərgidə rəsm əsərlərinin hamısı şəhidlərimizə həsr edilib. Müsabiqədə iştirak edən rəssamlar şəhidlərimizin əziz xatirəsini əsərlərində yaşatmağı özləri üçün fəxarət hesab edirlər.
Ziyadxan Əliyev çıxışında onu da qeyd etdi ki, qiymətləndirmə zamanı peşəkarlıq, əsərin təsir gücü və süjet tamlığı əsas götürülüb.
Tədbirdə daha sonra Xalq rəssamları Ağaəli İbrahimov, Arif Hüseynov, ilahiyyatçı-psixoloq Fazil Əhmədli və başqaları çıxış edərək sərgidə nümayiş olunan əsərlərlə bağlı fikirlərini bölüşdülər. Bildirdilər ki, gənc rəssamlar mövzuya çox yaradıcı yanaşıb, Azərbaycan əsgər və zabitlərinin vətənsevərliyini və qəhrəmanlığını çox real cizgilərlə əks etdirə biliblər.
Çıxışlardan sonra Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş rəsm müsabiqəsində iştirak edən rəssamlar təltif olundu. Bildirildi ki, müsabiqədə Xuday İbrahimov 1-ci, Firudin Quliyev 2-ci, Füzuli Şəfiyev 3-cü yerə layiq görülüblər. 1, 2, 3-cü yerlərin qaliblərinə müvafiq olaraq 3000, 2000, 1000 manat və diplom, digər iştirakçılara təşəkkürnamə təqdim edildi.
S.Fərəcov