Ölkəmiz Bursada IV Dünya Köçəri Oyunlarında təmsil olunub

 

Xəbər verildiyi kimi, 29 sentyabr – 2 oktyabr tarixlərində Türkiyənin Bursa vilayətinin İznik rayonunda keçirilən IV Dünya Köçəri Oyunlarında Azərbaycan da geniş heyətlə təmsil olunub. “Ənənələrdən gələcəyə birlikdəyik!” şüarı altında təşkil olunan və ənənəvi milli oyunların və mədəni irsin bir araya gəldiyi yarış-festivalda ölkəmizdən həm idmançılar, həm də sənətçilər iştirak ediblər.

Azərbaycan Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un dəstəyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının qrupu, “Cəngi” estrada və folklor ansamblı, solistlər rəngarəng proqramla ölkəmizin zəngin mədəniyyətini festival iştirakçılarına təqdim ediblər.

IV Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirin əhəmiyyətini  vurğulayıb və belə festivalların xalqların adət-ənənələrinə bağlılığı və tarixini gənc nəsillərə ötürməsində mühüm hadisə olduğunu deyib.

Rəsmi hissədən sonra açılış mərasiminin bədii hissəsində Azərbaycandan olan kollektivlər və solistlərin çıxışı alqışlarla qarşılanıb.

Qeyd edək ki, ümumilikdə 102 ölkənin təmsil olunduğu IV Dünya Köçəri Oyunlarında 14-ü ənənəvi oyun və 30-dək performans-göstəri olmaqla 40-dan çox kateqoriyada çıxışlar olub. Ölkəmiz yarışlarda kəmər güləşi, pəhləvan güləşi, yağlı güləş, milli oxatma – ümumilikdə 12 növdə təmsil olunub.

İznikdə yarışların keçirildiyi idman kəndində mədəniyyət çadırları da fəaliyyət göstərib, iştirakçı ölkələrin əl sənətkarlığı, mətbəx mədəniyyəti və s. nümayiş olunub. TÜRKSOY-un çadırında Azərbaycandan xalçaçı Nazilə Əbilova və dəri üzrə rəngkar Pərvanə Eyyubova da nəfis əl işlərini təqdim ediblər.

Bundan əlavə, Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən qurulan çadırda tarixi irs və  mədəniyyət nümunələrimiz təbliğ edilib. Çadırda qurulan fotosərgidə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbə, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən quruculuq işləri əks olunub.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan tərəfindən Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov və digər rəsmi şəxslər Azərbaycan çadırını ziyarət edib. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qonaqlara buradakı sərgi barədə məlumat verib.

Oktyabrın 2-də IV Dünya Köçəri Oyunlarının təntənəli bağlanış mərasimi də rəngli görüntülərlə yadda qalıb. Azərbaycan təmsilçiləri də öz performanslarını göstəriblər.

Bağlanış mərasimində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı,  “Cəngi” estrada və folklor ansamblı TÜRKSOY-un təşəkkür diplomu, kollektivlərin baletmeysterləri təşkilatın “Aşıq Veysəl” xatirə medalı ilə təltif olunublar.

Qeyd edək ki, türk xalqlarının milli oyunlarını canlandırmaq, inkişaf etdirmək və qorumaq məqsədilə Dünya Köçəri Oyunlarının keçirilməsi təşəbbüsü 2012-ci ildə Bişkekdə Türk Şurasının (2021-ci ildən Türk Dövlətləri Təşkilatı) sammitində qaldırılıb. Təşəbbüs Türk Şurasına üzv ölkələrin dövlət başçıları tərəfindən dəstəklənib və oyunlar ilk dəfə 2014-cü ildə Qırğızıstanda, İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində gerçəkləşib. Sonrakı iki Oyunlara da (2016, 2018) Qırğızıstan ev sahibliyi edib.

Türk Şurasına üzv ölkələrin dövlət başçılarının 2018-ci ildə Çolpon-Ata şəhərində keçirilən zirvə görüşündə növbəti – IV Dünya Köçəri Oyunlarının 2020-ci ildə Türkiyədə təşkil olunmasına dair qərar qəbul olunmuş, ev sahibliyi Bursaya verilmişdi.

Lakin 2020-ci ildə başlanan pandemiya səbəbindən Oyunlar əvvəlcə 2021-ci, sonra isə 2022-ci ilə ertələndi. Bu il Bursanın həmçinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olması bu beynəlxalq tədbirin əhəmiyyətini daha da artırıb. IV Dünya Köçəri Oyunlarına  rekord sayda ölkə və idmançının qatılması da bunun göstəricisidir. Xatırladaq ki, bundan öncəki III Dünya Köçəri Oyunlarında 62 ölkədən 2 minə yaxın iştirakçı olmuşdu.

IV Dünya Köçəri Oyunlarının bağlanış mərasimində çıxış edən Türkiyənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu “Oyunların qazananı qardaşlıq, sevgi, sayğı, birlik və bərabərlikdir” deyib.

Tədbirin təşkilatçılarından olan Dünya Etnospor Konfederasiyası başqanı Bilal Ərdoğan növbəti,  V Dünya Köçəri Oyunlarının 2024-cü ildə Qazaxıstanda keçiriləcəyini bildirib.