32 iştirakçıya sertifikatlar verilib
Oktyabrın 3-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının “INTERACT Film Lab” təlim layihəsinin final təqdimatı keçirilib.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Nazim Hüseynov, müstəqil kino təşkilatlarının təmsilçiləri, kino mütəxəssisləri iştirak ediblər.
Layihə meneceri Mələk Bayramlı çıxış edərək bildirib ki, təlim kursunun məqsədi peşəkar mütəxəssislər yetişdirərək ölkənin kino sənayesinin inkişafına təkan verməkdir. Qeyd edilib ki, 150-dən çox gəncin qatıldığı layihə may ayında start götürüb. Keçirilən mərhələli müsahibələrdən sonra 60 gənc “INTERACT Film Lab” iştirakçısı olmaq imkanını qazanıb.
“INTERACT Film Lab”ın kommunikasiya meneceri Nəzrin Ağarzayeva bildirib ki, 6 ay davam edən layihə çərçivəsində xaricdən dəvət olunan kino mütəxəssisləri yerli tələbələrlə nəzəri və praktiki dərslər keçiblər. Kino sənayesinin 5 əsas sahəsi – rejissorluq üzrə Natalya Merkulova, ssenari yaradıcılığı üzrə Aleksey Çupov, təsvir rejissorluğu üzrə Yevgeni Rodin, quruluşçu rəssamlıq üzrə Quram Navrozaşvili və prodüser ixtisası üzrə Valeriya Lebid öz bilik və bacarıqlarını iştirakçılarla bölüşüb. Layihə boyunca bir sıra tanınmış xarici və yerli kino mütəxəssisləri dərslərdən əlavə, tələbələrlə bir araya gələrək yaradıcılıq istiqamətində söhbətlər aparıb.
Tədbirdə həmçinin xarici mütəxəssislər intensiv şəkildə reallaşdırılan dərslər və bu proqramda iştirak edən gənc kadrlar haqqında fikirlərini bölüşüblər. Eyni zamanda layihənin başladığı tarixdən etibarən iştirakçı və mentor əlaqələrini, onların nəzəri və praktiki dərslər zamanı görüntülərini əks etdirən videoçarx nümayiş olunub.
Sonra layihə iştirakçılarının komanda halında ərsəyə gətirdiyi final yaradıcılıq işləri təqdim olunub. Kino sahəsi mütəxəssislərindən ibarət münsiflər heyəti təqdim olunan yaradıcılıq işlərindən seçim edərək növbəti mərhələ üçün Mədəniyyət Nazirliyinə bununla bağlı məlumat verəcək.
Təqdimatın sonunda bu proqramı uğurla tamamlamış 32 iştirakçıya sertifikatlar təqdim olunub.