“Doğma dili, doğma ədəbiyyatı olmayan millət öz varlığından danışmağa utanmalıdır”
XX əsr Azərbaycan publisistikasının inkişafında mühüm xidmətləri olan ziyalılar arasında görkəmli jurnalist, ictimai xadim, mollanəsrəddinçilərin ideya rəhbərlərindən Ömər Faiq Nemanzadənin də adı vardır. Görkəmli ziyalı ötən yüzilliyin əvvəllərindən Azərbaycan xalqının milli dirçəlişi, azadlığı və mədəni-mənəvi inkişafı uğrunda mübarizəyə qoşulub. Dərin biliyə, elmi dünyagörüşünə və bütöv xarakterə malik qələm sahibi dövrün ziyalıları arasında böyük nüfuz qazanıb.
Bu il Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyidir. Görkəmli mətbuat xadiminin yubileyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən oktyabrın 3-də sərəncam imzalanıb. Sərəncamda qeyd olunur ki, ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparıb.
Ömər Faiq Lömən oğlu Nemanzadə 24 dekabr 1872-ci ildə Tiflis quberniyası, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində mömin bir ailədə dünyaya göz açıb. İlk təhsilini kənd molla məktəbində alır. 1882-ci ildə İstanbula gedir və “Fateh” mədrəsəsində təhsilini davam etdirir. Sonra “Darüş-şəfəq” məktəbinə daxil olur. Təhsilini 1891-ci ildə müvəffəqiyyətlə başa vurduqdan sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlayır. Burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərini tanıyır. İnqilabi ruhlu türk şairlərin yaradıcılığı ilə yaxından tanış olur. Köhnə idarəçiliyə qarşı mübarizə aparan gənclər hərəkatına qoşulur. Ancaq gündən-günə gərginləşən ictimai-siyasi vəziyyətə və təqiblərə davam gətirə bilmir. 1894-cü ildə Ahıskaya qayıdır.
Ömər Faiq maarif və mədəniyyət sahəsinin demokratik ruhlu insanları ilə görüşür, bilik və bacarığını xalqının azadlığı uğrunda mübarizəsinə yönəldir. 1894-cü ildə Şəkidə yeni açılan yeni üsullu məktəbdə dünyəvi elmlərdən dərs deməyə başlayır. İstanbuldan gətirdiyi demokratik ruhlu əsərləri gənclərə paylayır. Sonra M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” pyesini səhnə üçün hazırlayır. Müsyö Jordan rolunda isə özü çıxış edir. 1896-cı ilin yazında ağır xəstələnir. Həkimin məsləhəti ilə Gəncəyə, Hacıkəndə gedir. 1896-1898-ci illərdə xəstəlik üzündən Abastumanda və Azqurda qalır. Ahıskada milli məktəb açmaq istəyir. Bununla bağlı müvafiq quruma ərizə ilə müraciət etsə də, müsbət cavab almır. Xəstəlikdən sağaldıqdan sonra 1898-ci ildən 1900-cü ilə kimi Şəki şəhərində məscidin nəzdindəki məktəbdə müəllim işləyir. Orada dini dərslərin tədrisini azaltmaqla hesab, coğrafiya, tarix və dil fənlərinə geniş yer verir.
Ömər Faiq Nemanzadə 1900-cü ildə Bakıya gəlir. Şəhərdə milli məktəblərin azlığını, sadə xalqın acınacaqlı vəziyyətdə yaşamasını görən ziyalı deyir: “Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim”. Ömər Faiq həmin il Şamaxıya gedir. Burada milli məktəbin təşkil edilməsinə yaxından yardım göstərir. Şamaxıda tarix, coğrafiya, hesab və türk dilindən dərs deyir. 1902-ci il yanvarın 31-də Şamaxıda güclü zəlzələ baş verir və Ömər Faiq Tiflisə qayıdır.
Görkəmli maarif xadimi 1903-cü ildə əsası qoyulan “Şərqi-Rus” qəzetində Məhəmməd ağa Şahtaxtılı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyli, Rəşid İsmayılov, Əsəd Babayev və Yusif Əfəndizadə ilə birgə işləyir. Burada Mirzə Cəlillə daha yaxından tanış olur və onlar əməl, əqidə dostuna çevrilirlər. Bu birlik təkcə Azərbaycanda deyil, müsəlman Şərqində ilk satirik məcmuənin yaranması ilə nəticələnir. 7 aprel (yeni təqvimlə 20 aprel) 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının birinci sayı çapdan çıxır.
Ömər Faiq “Molla Nəsrəddin” dərgisində çap olunan bir məqaləsində yalançı hürriyyətpərəstlərə müraciətlə yazırdı: “Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı cavanlarımızı qurban verməliyik. Qurban verdikdən sonra isə onları ağlamaqla, uzun yas saxlamaqla özümüzü taqətdən salmamalıyıq. Dübarə qurban verməməliyik, təki hürriyyət xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər oturub gözləsək və başımızı boş danışıqlarla qarışdırsaq, dilimizdə hürriyyət sözü bitsə də, onun bəhrəsi olmayacaqdır”.
Ömər Faiq “Molla Nəsrəddin”in idarə edilməsində böyük səlahiyyət sahibi olub. Bunu 1911-ci ildə C.Məmmədquluzadənin jurnalın müvəqqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktub da sübut edir: “Əzizim Məmmədəli!… Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli”.
Ö.F.Nemanzadə təkcə “Molla Nəsrəddin”də deyil, o dövrdə nəşr edilən bir sıra qəzet və jurnallarda, o cümlədən “Açıq söz”, “Tərəqqi”, “İrşad”, “Həyat”, “Rəncbər”, “Bağban” və s. çıxış edib. Yazıları “Ömər Faiq Nemanzadə”, “Ümidvar”, “Ümid” və s. imzalarla dərc edilib. Dövrün bir sıra mühüm ictimai-siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu müasirlərinə yetkin qələm sahibi kimi tanıdıb. Bütün fəaliyyətini türkçülük ideologiyası üzərində quran Ö.F.Nemanzadənin “Dilimiz, yazımız”, “Dərdimiz və dərmanımız”, “Eşq və məhəbbət”, “Milliləşmək”, “Gürcü siyasətçiləri”, “Millətpərəstlik zamanıdır”, “İşığımız sönməyəcəkdir” və digər məqalələri böyük rezonans doğurmuşdu. “Doğma dili, doğma ədəbiyyatı olmayan millət öz varlığından danışmağa utanmalıdır” deyən ziyalı məqalələrində bu mövzunu həmişə diqqətdə saxlayırdı.
Ö.F.Nemanzadə Ahıskada erməni və gürcü separatçı dəstələrinin terror fəaliyyətini öz gözləri ilə görmüşdü. Bir sıra məqalələrindən aydın olur ki, o, Gürcüstanda geniş səs salmış “Gürcü işi” adlı əməliyyatın başlanması ilə əlaqədar öz ictimai-siyasi fəaliyyətini dayandırıb Gəncə şəhərinə köçüb, ictimai-siyasi fəaliyyətini burada davam etdirib.
İctimai-siyasi xadim kimi də tanınan Ömər Faiq doğma el-obasında gedən proseslərin mərkəzində olub. 1918-ci ilin əvvəlində qurulan “Ahıska Hökuməti-Müvəqqətəsi”nə hökumət rəisi seçilib. Həmin ilin mayında Gürcüstan müstəqilliyini elan edəndən və menşeviklər hakimiyyəti ələ alandan sonra bu qurum ləğv olunur. Ancaq o, Ahıska və Axalkələk əyalətlərinin muxtariyyəti uğrunda mübarizəsini davam etdirir. Menşeviklər tərəfindən üç dəfə həbs olunur və Metex qalasına salınır. 1918-ci ildə həbsxanada Ömər Faiqlə görüşən istiqlal şairimiz Əhməd Cavad yazırdı: “Mən bu həqarəti yalnız Ömər Faiqə deyil, millətimə edilmiş hesab etdiyimdən gürcü millətinin dostluğunu ürəyimdə saxlamaqla gürcü hökumətinə qələm dostlarım adından etiraz edirəm. Ömər Faiq təkcə Axalsıxın deyil, bütün millətin xadimidir”. Bir müddət sonra xalqın tələbi ilə milli düşüncə sahibi həbsdən azad edilir.
Ömər Faiq 1920-ci ildə Gəncə Ziraət (kənd təsərrüfatı) Texnikumunun direktoru təyin edilir. 1920-1921-ci illərdə “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru olur, Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilir. 1923-cü ildə bir daha Azərbaycana qayıdır. 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə başlayır, dərsliklərin hazırlanması və çapı üzrə fəaliyyət göstərir.
Böyük maarifçinin xalqının azadlığı uğrunda davamlı mübarizəsi 30-cu illər repressiyası zamanı diqqətdən kənarda qala bilməzdi. Onun milli yaddaşın bərpasına, Azərbaycan dilinin qorunmasına və təbliğinə xidmət edən silsilə yazıları artıq əliqanlı rejim üçün tutarlı sübutlar, yerlərdə idarəçiliyi ələ keçirmiş mənfur erməni millətçiləri üçün yaxşı fürsət idi... Ömər Faiq 16 iyul 1937-ci ildə Ahıskada rayon prokuroru Odabaşyanın qərarı ilə həbs olunur. Həmin il oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığı nəzdindəki “üçlüy”ün qərarı ilə güllələnir.
1958-ci ildə bəraət alan görkəmli fikir adamının parlaq əməlləri, mətbuat və maarifçilik sahəsində yorulmaz fəaliyyəti həmişə minnətdarlıq duyğusu ilə xatırlanacaq.
Savalan Fərəcov