Yanvarın 28-də Qafqaz Universitetləri Birliyinin sədri, Ərdahan Universitetinin rektoru, professor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan, Bakı Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıc, Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev Azərbaycan Turizm İnstitutunda olublar. ATİ-nin rektoru, professor Cəfər Cəfərov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat verib. Rektor ATİ-nin Türkiyənin bir sıra ali məktəbləri ilə də sıx əməkdaşlıq etdiyini vurğulayıb və Qars Qafqaz və Ərdahan universitetləri ilə əməkdaşlıqda da maraqlı olduqlarını diqqətə çatdırıb.
Türkiyə Cümhuriyyəti Ərdahan Universitetinin rektoru, professor Ramazan Korkmaz Qafqaz Universitetləri Birliyi haqqında məlumat verərək qurumun, Avropadakı Erasmus Mundus Proqramı kimi, bölgədəki universitetlərin tələbə və müəllim mübadiləsini dəstəklədiyini, qarşılıqlı əməkdaşlığın inkişafını strateji hədəf kimi gördüklərini bildirib. Görüşün sonunda Türkiyənin Qafqaz Qars Universiteti ilə ATİ arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Fəxriyyə Abdullayeva