Oktyabrın 22-dən 29-dək Mərakeşin Fəs şəhərində 15-ci Sufi Mədəniyyəti Festivalı keçiriləcək. Ənənəvi festivalda bu il ölkəmiz tərəfdaş qismində təmsil olunacaq. Təşkilat komitəsi Beynəlxalq Muğam Mərkəzini (BMM) rəsmi tərəfdaşları sırasına daxil edib.
Bu barədə Parisdəki “Mərakeş Evi”ndə (Maison du Maroc) keçirilən mətbuat konfransında məlumat verilib.
Festivalın prezidenti Fauzi Skali sufi mədəniyyəti haqqında məlumat verərək bildirib ki, sufizm rasional seçimlərimizdən daha çox insanı canlandıran və hidayət edən daxili həyatın reallığına əsaslanır.
Tədbirdə festivalın proqramı və iştirakçı ölkələri də diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan artıq bir neçə ildir Fəs Festivalında iştirak edir. Mətbuat konfransında Azərbaycanda sufiliyin tarixindən də söz açılıb. Həmçinin 2008-ci ildən UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, türk tarixinin, ənənəsinin, inancının bir parçası olan “Səma rəqsi” haqqında da məlumat verilib.
Qeyd edək ki, festivalda BMM-in solistləri – xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva rəngarəng proqramla çıxış edəcəklər. Xanəndələri nağarada Əməkdar artist Kamran Kərimov, tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov müşayiət edəcək.