Kinooperator Şərif Şərifov hər filmin özünəməxsus təsvir həllini tapırdı
Sənətkarlar haqqında yaradıcılıqları danışır. Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifovun (12.10.1938 – 26.9.2007) ekranlaşdırdığı filmlər də onun zəngin təfəkkürünün, geniş dünyagörüşünün əksi kimi həyat yolunu, sənət biliciliyini müəyyənləşdirib. 69 illik ömrünün təxminən 40 ilindən çoxunu Azərbaycan kinosuna həsr edən sənətkarı anadan olmasının 84-cü ildönümündə həmkarlarının xatirələrinə və kino fəaliyyətinə nəzər salaraq yad edirik.
Şərif Şərifov hələ uşaq yaşlarından foto sənətinə vurulub. Bu vurğunluq onu “Azərbaycanfilm” Kinostudiyasına gətirib. 20 yaşında operator assistenti kimi fəaliyyətə başlayıb. Təcrübə prosesində görkəmli sənətkarlardan peşə sirlərini öyrənib. 1964-1970-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alması sənət istiqamətini dəqiqləşdirib.
Kino fəaliyyəti dövründə 60-dan çox filmdə işləyib. Operator assistenti kimi iki sənədli (“Azərbaycan mədəniyyətinin baharı”, “Bizim Azərbaycan”), üç bədii (“Koroğlu”, “Böyük dayaq”, “Yenilməz batalyon”) filmdə, sonra isə ikinci operator kimi bir sıra bədii (“Uşaqlığın son gecəsi”, “Şərikli çörək”, “O qızı tapın”, “Ən vacib müsahibə”) və sənədli filmlərdə görkəmli rejissor və operatorlarla çalışıb. “Var olun, qızlar...” bədii filmində quraşdırılmış səhnələrin operatoru kimi çalışıb, rejissor-operator kimi “Anam Kür” (1993) qısametrajlı sənədli film çəkib.
Operator kimi yaradıcılıq filmoqrafiyasını daha çox sənədli filmlər təşkil etsə də, sənət biliciliyini bədii ekran əsərlərində də təsdiqləyib. Müxtəlif mövzuları əhatə edən filmlərdə hər janrın xüsusiyyətinə uyğun təsvir növü fonunda məzmunun mahiyyətini əhatəli formada çatdırıb, personajların xüsusiyyətlərini xarakterizə edib, maraqlı yaradıcılıq nümayiş etdirib. “Solmaz bir bahar kimi” filmi “Azərbaycan komsomolu” mükafatına, “Anam Kür” filmi akademik Həsən Əliyev adına mükafata, “Əsrin müqaviləsi” filmi “Humay” mükafatına layiq görülüb.
On beş ilə yaxın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyət göstərən sənətkar dərs vəsaiti kimi “Kino çəkilişi texnikası”, “Televiziya və onun texnologiyası”, “Kinofilm və televiziya proqramlarının istehsalında kompüter texnologiyasının tətbiqi” adlı kitablar yazıb.
Əməkdar incəsənət xadimi, ADMİU-nun professoru Cəmil Quliyevin xatirələrində ustad sənətkarı daha yaxından tanıyırıq: “Şərif Şərifovu 1982-ci ildən tanıyırdım. O zaman mən “Azərbaycanfilm”də kurs işi çəkirdim. Şərif müəllim həmin vaxtlarda quruluşçu operator kimi çalışırdı və bizim filmin ərsəyə gəlməsində böyük rolu oldu. Bir müddət sonra onunla birlikdə ADMİU-da çalışdım. O, çox təvazökar, sadə, bilikli pedaqoq idi, kinooperator fənnini tədris edirdi. Sonra Türkiyədə pedaqoji fəaliyyət göstərdi. Qayıtdıqdan sonra yenə pedaqoji fəaliyyətini davam etdirdi.
Universitetdə dörd ildən bir yeni kurs gəlirdi. Şərif müəllimin kinooperator emalatxanasından üç kurs tələbələr təhsil aldılar. Çox bacarıqlı, istedadlı tələbələri yetişdi. Bu gün də həmin tələbələr müxtəlif televiziyalarda, kinostudiyada çalışırlar. Bu da təbiidir, çünki Şərif müəllim Moskvada Kinematoqrafiya İnstitutunu bitirmişdi, zəngin peşə biliyinə malik idi. Həmçinin uzun illər görkəmli Azərbaycan kinooperatorları Teyyub Axundov, Arif Nərimanbəyov, Əlisəttar Atakişiyev, Xan Babayev və digərləri ilə birlikdə çalışmışdı.
Quruluşçu operator kimi o, bir neçə bədii, o cümlədən “Qərib cinlər diyarında”, “Əzablı yollar” (Vladimir Sapojnikovla birgə) və digər filmlərdə çalışıb. Bu filmlərin bədii təsvir həllinə, nağıl poetikasına, stilinə uyğun təsvir mədəniyyəti yaradıb, maraqlı rənglərdən istifadə edərək təsirli kompozisiyalar qurub. Sonrakı işlərində də özünəməxsus yaradıcılığı ilə seçilib. İşıq-kölgə sistemi ilə çox gözəl işləyirdi. İşini bilən operator kimi janrı çox gözəl hiss edirdi, xüsusiyyətlərini başa düşürdü. Buna görə də hər bir filmin özünəməxsus təsvir həllini tapırdı. Sənət biliciliyi onun təhsilindən, sənətə olan sevgisindən irəli gəlirdi...”.
Əməkdar artist Ötkəm İsgəndərovun bələdçiliyi ilə operatorun sənət yolunu izləyirik: “Şərif Şərifovla “Əzablı yollar” və “Sifarişçi” filmlərində işləmişəm. Çox mədəni, mehriban insan idi. Bir-birimizə çox hörmət edirdik. İşinə olduqca məsuliyyətlə yanaşırdı, hər şeyi dəqiqliklə yoxlayırdı. Yadımdadır, “Əzablı yollar” filminin çəkilişində qardaşların quyuya tullanması səhnəsində hər şey dəqiqliklə ölçülüb-biçilmişdi. Çəkilişi də Şərif müəllim aparırdı. Ortancıl qardaş Xanməmmədi oynayan ukraynalı aktyor Viktor Demirtaş quyuya düz tullanmadığına görə ayağı quyunun kənarına dəydi və sındı, quyudan onun qışqırtısı eşidildi. Bu an Şərif müəllimin ürəyi getdi və yıxıldı. Onu özünə gətirdik. Həyəcanından əsirdi. İşinə nə qədər ciddi yanaşsa da, tələbkar olsa da, ürəyiyumşaq, həssas insan idi.
Sonralar onunla ADMİU-da birlikdə çalışdıq. Metodik tövsiyələr yazırdı. Hərdən mənim də bu barədə fikrimi soruşurdu. Universitetin rəhbəri Timuçin Əfəndiyev onu və digər üç müəllimi İstanbula iki il operator sənətindən dərs deməyə göndərdi, orda da öz peşəsini ustalıqla tədris etdi. Hər mənada işini bilən, gözəl insan idi...”.
Şərif müəllimin sənət biliciliyi ilə yanaşı yüksək mənəvi dəyərlərə malik olması, nümunəvi şəxsi keyfiyyətləri ətrafdakılarla münasibətini asanlaşdırır, həmçinin ekran obrazlarının fərdi keyfiyyətlərini duyaraq lentə köçürməsinə imkan yaradırdı. Həyatı bilən, insan psixologiyasını kamerasının gözü ilə xarakterizə və təqdim edən operatorun peşə bilgisini təsdiqləyən kadrlar ekran əsərlərinin baxımlılığını artırır, kadrların dolğunluğunu təmin edir. Müxtəlif janrlı filmlərdə natura və dekorasiya təsvirlərini məzmuna uyğun şəkildə lentə köçürən operator işıqlandırma sistemindən məharətlə istifadə edərək müxtəlif rakurslu çəkilişlər vasitəsilə ekran hadisələrinin gerçəkliyinə zəmin yaradır, filmləri sevdirməyə nail olurdu.
Operatorun quruluş verdiyi “Yol əhvalatı” (Ələsgər Ələkbərovla birgə) kinokomediyasında hadisələri müşayiət edən çəkilişlər diqqətimizi çəkir. Sərnişin daşıyan təyyarənin havaya qalxması, uçuş kadrları, təyyarənin məcburən şəhərə enmə səbəbini xarakterizə edən görüntülər fonunda qoyunların vuruşması, sərnişinlərin təlaşı və yaxud filmin baş qəhrəmanı Mustafanın yük maşınını Paşadan xilas etmə cəhdi, onu təqib etməsi, sürətlə irəliləyən maşında tərəflərin savaşması, yol hərəkəti qaydalarını kobudcasına pozması, maşının binaya çırpılması, sakinlərin həyatının təhlükə ilə qarşılaşması və digər kadrlar mövzunun sosial mesajını dəqiqləşdirir, meşşan, tamahkar insanların ətrafdakılar üçün təhlükəli olduğunu göstərir. Operator sənətinin incəlikləri fonunda hər bir kadrın vacib xüsusiyyəti çatdırılır, personajların fərdi cəhətləri, həyat mövqeləri aydınlaşır.
Göründüyü kimi, hər bir kadrın təsvir həlli, məzmun tamlığı operatordan peşəkarlıqla yanaşı çeviklik tələb edir. Janra müvafiq olan ekran poetikasının təsvir mədəniyyətini dəqiqliklə yaradan operatorun filmoqrafiyasındakı janr (bioqrafik, tarixi-müharibə, dram, idman, nağıl və s.) müxtəlifliyinin və sənət uğurunun əsas səbəblərindən biri də insanlarla xoş ünsiyyət yaratması, yüksək insani keyfiyyətə malik olması idi.
Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov da sənətkarın bu kimi xüsusiyyətlərini təsdiqləyir: “Şərif Şərifovla 1976-cı ildə “Şir evdən getdi” filminin çəkilişləri zamanı görüşdük. O, Rasim İsmayılovla birgə filmin quruluşçu operatoru idi. Bir qədər sonra mənə məlum oldu ki, biz hətta bir binada yaşayırıq. Mənim uşaqlıq yaddaşımda Şərif müəllim işə ciddi münasibəti olan adam kimi qalıb. Onun ciddi simasından çəkinirdim. Qonşu olduğunu bildikdən sonra onu Şərif əmi kimi qəbul etdim.
Həmin illər “Azərbaycanfilm”də qaynar istehsal dövrü idi. Filmin altı aylıq çəkilişləri oldu. Çəkiliş vaxtı hərdən mənə yaxınlaşırdı və “Elxan, bunu belə etsən daha yaxşı olar, bir cəhd elə” deyirdi. Birdən nəsə alınmayanda mənə ciddi-ciddi yaxınlaşıb “Elxan, özünü toparla, sən bacaracaqsan” deyə ruhlandırırdı.
Bir müddət sonra hərbi xidmətə getdim, daha sonra institutu bitirdim. 1991-ci ildə Şərif müəllimlə məhəlləmizdə görüşdük. Yadımdadı, o, ilk dəfə mənimlə böyük kimi danışdı, xeyli söhbət etdik. Onun və eləcə də bizim binada yaşayan kino işçilərinin simasında bir küskünlük hiss edirdim. Onunla söhbət edəndə gözlərində dərin bir nisgili görürdüm və bu təəssüf dolu nisgilin içərisində qarşılaşdığımız çətinlikləri duyurdum. O da yaşlı kino nümayəndələrindən biri kimi kinostudiyadakı boşluğu özünə dərd etmişdi. Mənə elə gəlir ki, onun dünyadan köçməsinin səbəblərindən biri də bu idi. Allah ona rəhmət eləsin... ”.
Şəhla Əmirli
kinoşünas