Böyük Britaniyanın “Avroviziya-2023” mahnı müsabiqəsinə ev sahibliyi edəcək şəhəri məlum olub. Sayca 67-ci müsabiqə gələn ilin mayında əfsanəvi “Bitlz” (“The Beatles”) musiqi qrupunun (“Liverpul dördlüyü”) vətəni olan Liverpul şəhərində təşkil ediləcək.

Xatırladaq ki, bu il İtaliyanın Turin şəhərində keçirilən müsabiqənin qalib (“Kalush Orchestra” qrupu) ölkəsi kimi növbəti yarışmaya Ukrayna ev sahibliyi etməli idi. Lakin hələ iyul ayında Avropa Yayım Birliyi (EBU) təhlükəsizlik nöqteyi-nəzərindən yarışmanın bu ölkədə keçirilməsinin mümkünsüz olduğunu bəyan etmişdi. “Obyektiv təhlildən sonra referent qrupu təəssüf hissi ilə belə qərara gəlib ki, mövcud vəziyyət, təhlükəsizlik zəmanəti nəzərə alınaraq, yayımçı müsabiqənin qaydalara uyğun təşkili və keçirilməsi üçün zəruri olan şərtləri yerinə yetirə bilməyəcək”, - deyə EBU-nun bəyanatda bildirilirdi.

Beləliklə, ev sahibi hüququnu Turində təmsilçisi (Sem Rayder) ikinci olan Britaniya qazanmışdı.

Birləşmiş Krallıq indiyədək “Avroviziya”nı səkkiz dəfə qəbul edib. Lakin müsabiqə heç vaxt Liverpulda keçirilməyib. “Avroviziya-2023” 11 min tamaşaçı tutan M&S Bank Arenada təşkil ediləcək.

Onu da qeyd edək ki, EBU-nun qərarına əsasən, Ukrayna müsabiqəni təşkil edə bilməsə də, 2022-ci ildə “Avroviziya”nın qalibi kimi gələn il Britaniyada keçiriləcək yarışmada birbaşa finala vəsiqə qazanacaq.

V.Kamal