Bu ay Azərbaycan daha iki beynəlxalq turizm sərgisində təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, fevralın 9-12-də İstanbulda keçiriləcək EMİT sərgisində ölkəmizin turizm potensialı 60 kvadratmetrlik sahədə nümayiş olunacaq.
   
   Sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Aysel Əliməmmədova, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfər üzvü, ölkəmizdə fəaliyyət göstərən 7 turizm şirkətinin nümayəndəsi iştirak edəcək.
   
   * * *
   Fevralın 16-dan 19-dək İtaliyanın Milan şəhərində gerçəkləşəcək «BİT 2011» sərgisində isə ölkəmizin turizm potensialını nümayiş etdirmək üçün 40 kvadratlıq lövhə icarəyə götürülüb. Bu sərgidə Azərbaycan turizmi haqqında məlumatları ziyarətçilərə Nazirliyin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov və Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı Günel Əliyeva tərəfindən təqdim olunacaq. Nümayəndə heyətinə ölkəmizin 3 turizm şirkətinin əməkdaşı da daxildir. Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfər üzvü milli rəqslərimizi ziyarətçilərə təqdim edəcək.
   Qeyd edək ki, hər iki sərgiyə Azərbaycanın turizm potensialı, istirahət mərkəzləri, təbiəti, hotelləri haqqında ingilis və Azərbaycan dillərində reklam-çap məhsulları aparılacaq.
   
   Fəxriyyə