Parisdəki “Sainte Marie des Batignolles” kilsəsində “Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsi laureatlarının konserti olub. Qala-konsertdə 15 yaşlı azərbaycanlı pianoçu Səməd Əlizadə də çıxış edib.

Səməd Əlizadə piano üzrə musiqi təhsilinə 2013-cü ildə Əfrasiyab Bədəlbəyli adına 11 illik Musiqi məktəbində başlayıb. Hazırda Bakı Avropa Liseyinin 10-cu sinfində oxuyan gənc istedad 2020-ci ildə Dünya İncəsənət Oyunları Festivalında birinci yeri, 2020 və 2021-ci illərdə Fransada Adilə Əliyeva adına beynəlxalq musiqi müsabiqələrində üçüncü yeri tutub. 2020-ci il “Sopravista” Beynəlxalq Festivalının 1-ci dərəcəli, 2021-ci ildə “Le Ciel de Paris” III Beynəlxalq Musiqi və İncəsənət Müsabiqəsinin II dərəcəli laureatı olub. 2022-ci ilin iyulun 10-da Parisdə “Saint Germain des Prés” kilsəsində ARTİMA Assosiasiyası tərəfindən təşkil edilmiş 6-cı “Yeni ulduzlar” müsabiqəsində uğurla iştirak edərək birinci yeri tutub.

“Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsinin təşkilatçısı ARTİMA Assosiasiyası 2010-cu ildə yaradılıb. Assosiasiya gənc fransız və əcnəbi musiqiçiləri dəstəkləmək və təbliğ etmək üçün müsabiqələr, konsertlər və maarifləndirici aksiyalar təşkil edir.