Türkiyədə Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun (1922-1984) 100 illiyi münasibətilə konsert proqramları keçirilib. Konsertlər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un elan etdiyi “2022 – Fikrət Əmirov İli” çərçivəsində, Azərbaycan Mədəniyyət Nazirliyi və Türkiyədəki səfirliyimizin də dəstəyi ilə gerçəkləşib.

Oktyabrın 7-də Adana Böyükşəhər Bələdiyyəsinin konsert salonunda Çukurova Simfonik Orkestri ilə birgə təşkil edilən konsert proqramı təqdim olunub. Konsertdə solistlər – Özbəkistandan Noir Yusupov, Feruza Yusupova, Türkiyədən Emrah Sözer, Azərbaycandan Xalq artisti Teyyub Aslan çıxış ediblər. Orkestri azərbaycanlı dirijor Mustafa Mehmandarov və türkiyəli dirijor Eray İnal idarə ediblər. Proqram adanalı sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Fikrət Əmirovun yubileyi Ankarada da qeyd edilib. Oktyabrın 9-da Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxt Mədəniyyət Yolu Festivalı” layihəsi çərçivəsində Çukurova Dövlət Simfonik Orkestrinin iştirakı ilə bəstəkara həsr olunmuş xatirə konserti keçirilib. Cümhurbaşqanlığı Simfonik Orkestrinin (CSO) səhnəsində düzənlənən tədbirə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru Erhan Özden, yerli qurum və təşkilatların nümayəndələri və sənətsevərlər qatılıb.

Dirijor Mustafa Mehmandarov və Eray İnalın idarə etdikləri konsertdə Türk dünyası solistlərinin ifasında səslənən Fikrət Əmirovun əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Proqramdan sonra iştirakçılara Rəşad Məmmədov və Bilal Çakıcı tərəfindən plaketlər təqdim olunub.

Mehparə Sultanova
Ankara