Ədəbiyyata ötən əsrin ikinci yarısında gələn, poeziyamıza gözəllik bəxş edən və söz xəzinəmizi zənginləşdirən şairlərimizdən biri də Əməkdar incəsənət xadimi Həmid Abbas olub.
Həmid Məmmədəli oğlu Abbas 10 oktyabr 1935-ci ildə Ağstafada dünyaya göz açıb. 1953-cü ildə 22 saylı dəmiryol orta məktəbini bitirir. Bakıya gəlir və ADU-nun (indiki BDU-nun ) Filologiya fakültəsinə qəbul olur. Ali təhsilini 1958-ci ildə başa vurur. Təyinatı Azərbaycan Dövlət İnformasiya Agentliyinə (Azərinform, indiki AZƏRTAC) verilir. Tərcümə şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayır. Müxbir, tərcüməçi, yerli mətbuat üçün xəbərlər şöbəsinin redaktoru vəzifələrində işləyir.
Həmid Abbas ədəbiyyata ötən əsrin 50-ci illərində gəlib. İlk mətbu əsəri 1957-ci ildə “Sovet Ermənistanı” (Azərbaycan dilində) qəzetində dərc edilən “Dilican” şeiri olub. Sonra “Gəncliyin səsi” ədəbi almanaxında, dövri mətbuatda şeirləri müntəzəm işıq üzü görür. Şeirlərinə tanınmış bəstəkarlar musiqi bəstələyir. “Tarla qızları” adlı ilk şeirlər toplusu “A.Həmid” imzası ilə işıq üzü görür.
Vəzifə pilləsində irəli çəkilən şair Azərbaycan KP MK-da Təbliğat və təşviqat, Təşkilat-partiya işi şöbələrində çalışır. 1978-ci ildə Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirir. 1981-ci ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olur. “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür, “Şərəf nişanı” ordeni ilə təltif edilir.
Araşdırmalarda qeyd edilir ki, onun 200-dən çox şeirinə mahnı bəstələnib. Elə buna görə də xalq arasında nəğməkar şair kimi tanınıb. Görkəmli ədəbiyyatşünas Qulu Xəlilov şairin “Ürəyə toxunma” kitabına ön sözdə yazır ki, onun şeirlərində həyatın işıqlı tərəfləri, insanların zərif və incə duyğuları, arzu və istəkləri, qurub-yaratmaq həvəsi, övlad, ata-ana məhəbbəti qələmə alınıb.
Şair əsərlərində insanların ağlı, zəkası, zəhməti, təbiətin füsunkar gözəlliklərini ilham və məhəbbətlə tərənnüm edib:
Qışda el köçəndə köçə bilmədi,
Quşlara qoşulub uça bilmədi,
Şaxtadan ağzını aça bilmədi,
Qaldı dodağında sözü bulağın.
Şair bu qoşması ilə insanı bir anlıq düşündürən sənət lövhəsi yaradıb. Sözlər və obrazlar sənətkarlıqla seçilib.
Müxtəlif illərdə bir-birindən fərqli və məzmunlu “Ömrün elə çağıdır ki”, “Ürəyə toxunma”, “Günahım olsa”, “Dinlədi nəğməmi sirdaşım mənim”, “Nər igidlər, alov saçın”, “Şuşa həsrəti, türk həqiqəti”, “Gözüm səni axtarır” və s. kitabları işıq üzü görüb.
“Nəğməli Azərbaycan”, “Zirvədə” poemalarında zəhmətkeş insanların əməyini, nəcib arzularını nəzmə çəkən Həmid Abbas genişqəlbli, açıqürəkli, xeyirxah bir insan olub. Araşdırmalarda qeyd edilir ki, o, evinə, iş yerində qəbuluna gələnləri böyük səmimiyyətlə qarşılayıb, diqqətlə dinləyib. Şair Ramiz Heydər onun bu insani keyfiyyətlərinə bir şeir həsr edib:
Bir gör neçə yaxının,
Gör neçə dostun olub.
Nəcibliyin, mərdliyin
Dillərdə dastan olub.
Yazıçı Tariyel Cahangir Həmid Abbasın Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri işləyən zaman şahidi olduğu bir əhvalatdan bəhs edir: “Bir gün şair İslam Sadıqla onun yanında olduq. Xeyli söhbət etdik. Bu əsnada Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədrinə zəng vurdu. Oğlu Ayazı işə qəbul etməsini xahiş etdi. Sədr ona dedi ki, Ayaz sənədləri götürüb komitəyə gəlsin. Həmid müəllim sədrlə sağollaşıb telefonun dəstəyini yerə qoyanda qapı döyüldü. İçəri gənc bir qız daxil oldu. Həmid Abbas ayağa qalxdı və gənci mehribanlıqla qarşıladı. Ona yer göstərdi və gəlişinin səbəbini soruşdu. Qız sıxıla-sıxıla dedi ki, üç ildir universitetin Jurnalistika fakültəsini bitirmişəm. Ancaq iş tapa bilmirəm. Həmid müəllim gülümsündü, bir daha komitə sədrinə zəng vurdu və dedi: “Yanıma iş üçün kimsəsiz bir gənc gəlib. Xahiş edirəm, Ayazın yerinə onu işə qəbul edin”. Jurnalist qız razılıq edib sevinə-sevinə otaqdan çıxdı...”.
İncəqəlbli şair etibarlı dost, qayğıkeş ata və vəfalı ömür yoldaşı olub. Ömür-gün yoldaşının vaxtsız ölümündən sonra ona “Dirilə biləydin bircə anlığa”, “Qaldı”, “Süzülür kağıza ürək sözlərim”, “Gözüm səni axtarır”, “Nağıl deyən vaxtı nağıla döndü”, “Əlimdə gül, gözümdə yaş” və s. şeirlər həsr edib.
Həmid Abbas 19 noyabr 1999-cu ildə vəfat edib.
Savalan Fərəcov