Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” adlı antiterror əməliyyatında baş verən real hadisələr əsasında çəkilən “Komandir” (“Komutan”) filmi oktyabrın 12-də Bakıda, “Gənclik Mall Cinema Plus”da təqdim edilib. Qala-gecə Yunus Əmrə İnstitutunun Bakıdakı nümayəndəliyinin də dəstəyi ilə gerçəkləşib.
Suriyanın Əl-Bab bölgəsində baş verən terror hadisəsinə Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinə məxsus 4 nəfərlik xüsusi təyinatlı dəstənin müdaxiləsindən və orada şəhid olan dostlarının cənazələrini gətirmək üçün mübarizəsindən bəhs edən ekran əsəri reallığa uyğunluğu baxımından hər cür risk və təhlükələri gözə alaraq çəkilib.
Toros dağlarında, Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir 7-ci Korpusu kazarmasının Jandarma Baş Komandanlığına aid ərazilərində çəkilən filmin rejissorları Selahattin Sancaklı və Mert Kılıçdır. Baş rolları Mert Kılıç, Aslıhan Günər, Can Kızıltuğ və Emre Bulut oynayırlar. Mert Kılıç və həyat yoldaşı Aslıhan Günər Bakıdakı qala-gecədə iştirak ediblər.
Mayor Tuna Alkan obrazına həyat verən Mert Kılıç ən təhlükəli kadrlarda belə dublyorlardan istifadə etməyib. Suriyalı türkmən qadın obrazını canlandıran Aslıhan Günər filmdə öz səsi ilə mərsiyə də oxuyub.
Filmdə Türkiyənin Daxili İşlər Nazirliyi yanında Jandarma Baş Komandanlığının “Black Hawk” (“Qara şahin”) helikopterlərindən, Türkiyənin yerli və milli istehsalı olan “Atak” hücum helikopterlərindən və zirehli hərbi maşınlardan istifadə olunub.