İlklər hər zaman unudulmaz və dəyərli olmaqla yanaşı, inkişafın da başlanğıcıdır. Osmanlı rəngkarlığının banisi hesab olunan Osman Hamdi bəy (1842-1910) İstanbulda Sədrəzəm (Baş vəzir) İbrahim Ethem paşanın ailəsində dünyaya gəlmişdi. Fransaya hüquq təhsili almağa göndərilsə də, kiçik yaşlardan qrafik işlərinin ecazkarlığı ilə sübut olunan rəsmə həvəsi və marağı onu Fransada İncəsənət Akademiyasında Jan-Leon Jerom və Gustave Boulanger kimi rəssamların emalatxanasında təhsil almağa istiqamətləndirir. Fransaya təhsil üçün göndərilən Süleyman Seyyid və Şeker Ahmed Paşa ilə birlikdə 1867-ci ildə Parisdə keçirilən beynəlxalq sərgidə iştirak edərək, orada 3 əsərini nümayiş etdirir. Təəssüf ki, onun sərgidə təqdim etdiyi “Çingenelerin molası”, “Pusuda Zeybek“ və “Zeybeğin ölümü” adlı əsərlərinin sonrakı aqibəti və hazırda harada olduğu haqda məlumat yoxdur.
Vətəninə qayıtdıqdan sonra İstanbulda Sarayda protokol müdiri müavini və digər dövlət vəzifələrində çalışan Osman Hamdi bəy vaxtından əvvəl təqaüdə çıxır. Vaxtını daha çox Gebzenin Eskihisar kəndində yerləşən evində rəsm çəkməklə keçirir. 1881-ci ildə Müzey-i Humayun (İmperatorluq Muzeyi) – indiki İstanbul Arxeologiya Muzeyinin müdiri Anton Dethier vəfat etdikdən sonra bu vəzifəyə təyin edilir. 1882-ci ildə Sultan II Abdülhəmid tərəfindən Türkiyənin ilk incəsənət məktəbi olan Sanayi-i Nefise məktəbinə (indiki Mimar Sinan Güzel Sanatlar Üniversitesi – Memar Sinan adına İncəsənət Universiteti) müdir təyin olunur.
Müzey-i Humayun müdiri olduqdan sonra Osman Hamdi bəyin ilk qərarı 1874-cü ildə qəbul olunan “Ətniq əsərlər nizamnaməsi”nə (“Asar-ı Atika Nizamnamesi”) düzəlişlər edilməsi ilə bağlı olur. 1883-cü ildə edilən dəyişiklik Qərb ölkələrinə Osmanlı torpaqlarından əntiq əşyalarının aparılmasının qarşısını almaq məqsədi daşıyırdı. Muzey müdiri olduğu zamanlarda ilk türk elmi arxeoloji qazıntılarını da başladan Osman Hamdi bəy Nəmrut dağı, Lagina (Muğla) və antik dövrdə adı Sidon olan Saydada (Livan) arxeoloji qazıntılar həyata keçirir. Saydada tapıntılar arasında arxeologiya dünyasının şah əsəri hesab olunan İskəndərin sarkofaqı da var. Sözügedən əsərlər hazırda İstanbul Arxeologiya Muzeyində sərgilənməkdədir. Osman Hamdi bəy onu məşhurlaşdıran bu araşdırmalar və qazıntılarla əlaqəli Solomon Reinach ilə birlikdə “Sayda Kral məzarlığı” adlı bir kitab yazır və o, 1892-ci ildə Parisdə nəşr olunur.
Bütün bunlarla yanaşı, Osman Hamdi bəy rəssam kimi də məşhurlaşmışdı. Fransada rəsm dərsləri alan oriyentalist rəssamın yaradıcılığı digərlərindən fərqlənirdi. Onun Osmanlı incəsənətinə ilk qadın fiqurunu və çoxfiqurlu kompozisiyaları gətirən rəssam olduğu da güman edilir. Rəsmlərində Osmanlı geyimlərinin dəqiqliklə təsviri, memarlıq abidələrini fon olaraq istifadəsi, böyük ölçülü əsərlər işləməsi yaradıcılığına xas olan əsas xüsusiyyətlərdir.
Bəzi tənqidçilərin onun yaradıcılığında ateistliyi təbliğ etməsinə dair fikirləri Osman Hamdinin dini motivlərdə dini deyil, insanı daha ön plana çəkməsindən irəli gəlir. O cümlədən saçı görünən qadın fiqurlarının məsciddə və ya Quran oxuyarkən təsvirləri yer alan əsərləri dövrünün müsbət qarşılanmayan əsərlərindəndir.
Rəssamın “İki musiqiçi qız” əsəri digər müasirlərinin adət etdiyi qadın obrazları, donuq pozalardan fərqli olaraq hərəkətli, gündəlik həyatdan olan hadisələrin əks olunduğu tablodur. O, tabloda musiqiçi qızların ətrafında yerləşən detalların hər birini dəqiqliklə təsvir etməyə çalışıb. Məscidin içərisində kaşıların ornamenti, qızların geyimlərinin detalları, həmçinin saçlarına bağladıqları yaylıqların rənginin geyimlərinin rəngi ilə tamamlanmasına qədər bütün detallar incəliklə təsvir edilib. Oriyentalist rəssamların Şərq insanlarını əsasən istirahətdə təsvir etdiyinin əksinə Osman Hamdi obrazları hərəkətdə, proses əsnasında əks etdirib.
Onun Osmanlı rəssamlıq tarixində iz qoyan, bu gün də tədqiq olunan və maraq doğuran əsəri “Kaplumbağa Terbiyecisi”dir (“Tısbağa tərbiyəçisi”, əsl adı “Kaplumbağalar ve adam”). Bu əsərin 1906 və 1907-ci illərdə yaradılan iki nüsxəsi mövcuddur. 1906-cı ildə çəkilən tablo sonralar Erol Aksoy adlı iş adamı tərəfindən 1 milyon dollara alınaraq İqtisad Bankının kolleksiyasına daxil edilib, daha sonra auksiona çıxarılaraq 3,5 milyon dollara Pera Muzeyi tərəfindən alınıb və indiyədək burada sərgilənməkdədir. Rəssamın 1907-ci ildə yaratdığı ikinci nüsxə Belma Simavi kolleksiyasında saxlanılır.
Əsərdə Bursadakı Yaşıl Caminin üst mərtəbəsində yerləşən bir otaqda divarda tökülmüş mavi kaşıların fonunda mərkəzdə (rəssamın özünün obrazının olduğu güman edilən) yaşlı adam, yaşlı adamın ayağının altında yarpaqları yeyən tısbağalar və yaşlı adamın çiynində nağara, əlində isə ney tutmuş halda kiçik hekayəyə bənzər motiv təsvir olunub. Orientalist rəssamlarda tez-tez rast gəlinən əsərlərin bir neçə nüsxəsinin olması Osman Hamdinin də yaradıcılığında özünü göstərir. Eyni zamanda bu nüsxələri bir-birindən fərqləndirmək mümkündür. Tablonun ilk variantında beş, ikincidə isə səkkiz tısbağa var. İlk nüsxəyə əlavə olaraq, ikinci nüsxədə interyerdə sağ yuxarı tərəfdə divarda tablo və pəncərədə qab təsvir olunub.
Bu əsərin məzmununun açılması haqda bir neçə fərziyyə mövcuddur. Daha çox söylənən fərziyyəyə görə, rəssam asta və təmkinli hərəkət edən tısbağaların əhliləşdirilməsi ilə bürokratları manipulasiya etmək cəhdinin qəlizliyini əks etdirmək istəyib. Osman Hamdi bəyin “Tour du Monde” adlı fransızca jurnalda 1869-cu ildə L.Crepon tərəfindən yapon milli qravürası əsasında təsvir olunmuş “Tısbağa tərbiyyəçisi” (Charmeur de tortues) qravürasından təsirləndiyi də ehtimal olunur. Rəssamın bu haqda atasına bir məktubda “Mənə göndərdiyin “Tour du Monde”ni oxudum” yazması bu fərziyyəni gücləndirir.
Rəssamın maraq doğuran digər bir əsəri “Silah taciri”dir. Bu əsərdə də, digər əsərlərində olduğu kimi, hadisələrin baş verdiyi məkan incəliklə həll olunaraq, obrazlar bu məkana uyğun yerləşdirilib. Əsərin mərkəzindəki iki insanın obrazının Osman Hamdi bəyin avtoportreti olduğu güman edilir. İki müxtəlif yaş dövründə olan obrazların xüsusiyyətlərini, dinamikliyini real təsvir edərək, yaşlı personajın yorğun halda oturub gənc tacirin qılıncı əlində yellətməsinə tamaşa etməsi izləyiciyə hər iki obrazın əhvalını aşılayır.
Osman Hamdi bəy 24 fevral 1910-cu ildə İstanbulda vəfat edib və vəsiyyətinə əsasən Eskihisardakı bağ evində dəfn olunub. Məzarının üzərində qədim Səlcuq dövrünə aid iki adsız sarkofaq qoyulub. Eskihisarda yerləşən evi 1987-ci ildən Osman Hamdi bəyin ev-muzeyi olaraq istifadədədir.
Şəbnəm Əzizova
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi