Ukraynanın İnfrastruktur Nazirliyi “Avro-2012” futbol çempionatı ilə əlaqədar qiymətləri qaldırmış mehmanxanaların “qara siyahı”sını tərtib edəcək. 
   Bu barədə Ukrayna Baş nazirinin müavini, infrastruktur naziri Boris Kolesnikov bildirib. Onun sözlərinə görə, “qara siyahı”ya düşəcək mehmanxanalar beynəlxalq forumların və çempionatların qonaqlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş mehmanxanalar siyahısından silinəcək.
   O deyib: “Avro-2012”-dən sonra xeyli tədbir, o cümlədən 2015-ci ildə basketbol üzrə Avropa çempionatı nəzərdə tutulmuşdur. Biz özümüz üçün “qara siyahı” tərtib edəcəyik və Qərbin turizm agentliklərinə bu hotellərlə işləməməyi tövsiyə edəcəyik”. Nazir vurğulayıb ki, “Avro-2012” yarışlarının keçiriləcəyi dövrdə mehmanxanalarda nömrələrin qiymətini dövlət qurumları deyil, yalnız bazar nizamlaya bilər.

   Fəxriyyə Abdullayeva