Oktyabrın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət Evində Əməkdar artist Həsən Əblucun 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət evinin direktoru Şahin Səmədov qonaqları salamlayaraq tədbiri açıq elan edib və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə baş idarənin Mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova, Xalq artisti Əli Nur, Həsən Əblucun qardaşı, Əməkdar incəsənət xadimi Ənvər Əbluc, qızı, rejissor Elnaz Əbluc, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, YAP Binəqədi rayon təşkilatının könüllüləri, rayon ictimaiyyəti və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir zamanı Həsən Əblucun həyat və yaradıcılığından söhbət açılıb, çəkildiyi filmlərdən videosüjetlər nümayiş olunub.
Çıxışlarda qeyd edilib ki, görkəmli aktyor, rejissor, pedaqoq olan Həsən Əbluc, eyni zamanda biri-birindən maraqlı hekayələr, dram əsərləri də yazıb. Bildirilib ki, sənətkarın çəkdiyi filmlər və onun yaratdığı obrazlar yaşayır və yaşayacaq.
Sonda Həsən Əblucun qardaşı Ənvər Əbluc tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.