Özbəkistanda mədəni-maarif işində böyük xidmətləri olmuş azərbaycanlı ziyalı Seyid Rza Əlizadənın anadan olmasının 135 illiyi münasibətilə Səmərqənd Dövlət Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib.

“Seyid Rza Əlizadə - redaktor, tərcüməçi, alim və pedaqoq” adlı konfransda Azərbaycan, Pakistan, Tacikistan və İranın elm və təhsil nümayəndələri iştirak ediblər.

Səmərqənd Dövlət Universitetinin rektoru Rüstəm Xolmurodov və Səmərqənd Vilayəti Xakim müavini Xurşid Oçilov çıxış edərək Seyid Rza Əlizadənin elmi-yaradıcılıq irsindən, maarifçilik və tərcümə sahəsində fəaliyyətindən danışıb, onun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov konfransa göndərdiyi təbrik videosunda Seyid Rza Əlizadənin öz fəaliyyəti ilə xalqlarımız arasında dostluq körpüsünü qurduğunu vurğulayıb. O, Seyid Rza Əlizadənin Azərbaycan ziyalılarından ilhamlanaraq Səmərqənddə ilk dəfə olaraq yeni tipli məktəb açdığını, məktəblər üçün bir çox təhsil proqramları hazırladığını söyləyib, xalqın maariflənməsinə, elm, mədəniyyətin inkişafına böyük töhfələr verməsini qeyd edib.

Seyid Rza Əlizadənin Azərbaycan və dünya ədəbiyyatından bir çox əsərləri özbək dilinə tərcümə etdiyini və Türküstanda xalq təhsilinin yaranmasında böyük rol oynadığını söyləyən diplomat 2018-ci ildə AMM-in layihəsi ilə Səmərqənd Dövlət Universitetində “Seyid Rza Əlizadə adına Azərbaycan-Özbəkistan dostluq mərkəzi”nin yaradıldığını qeyd edib.

Özbəkistanın Ali Məclisi Senatının üzvü Rüstəm Murodov bildirib ki, Seyid Rza Əlizadə bütün ömrünü özbək türklərinin yeni tərbiyə metodlarını təbliğ etməklə inkişafa və maarifə doğru aparmasına həsr edib.

Seyid Rza Əlizadənin nəvəsi Fərhad Əlizadə çıxış edərək babasının elmi fəaliyyəti, yaradıcılığı haqqında danışıb, onun xatirəsinin əbədiləşdirilməsi, habelə yubiley tədbirlərinə görə Özbəkistan dövlətinə təşəkkürünü bildirib.